İstanbul danışıqları həlledici olmayacaq – Ekspert

“Rusiya və Ukrayna arasında İstanbulda keçirilməsi planlaşdırılan növbəti danışıqlar raundu həlledici olmayacaq. Danışıqlar tərəflər arasında ikitərəfli razılaşma əsasında baş tutacaq”.
Sfera.az xəbər verir ki, bu fikirləri siyasi ekspert Məhəmməd Əsədullazadə məsələ ilə bağlı açıqlamasında bildirib.
Ekspert qeyd edir ki, Avropa İttifaqının Rusiyaya qarşı qəbul etdiyi 18-ci sanksiyalar paketi, ABŞ-nin Ukraynaya hərbi yardımını intensivləşdirməsi və yaxın 50 gün ərzində gözlənilən əlavə sanksiyalar Kremlin mövqeyini zəiflədib:
“Əgər Rusiya yalnız görüntü naminə danışıqlarda iştirak edəcəksə, bu, əksinə, Moskvanın əleyhinə işləyəcək. Necə ki, Putin daha əvvəl Donald Trampla telefon danışıqlarını manipulyasiya etməyə cəhd göstərdi və bunun nəticəsində Avropa İttifaqı sərt sanksiyalarla cavab verdi”.
M.Əsədullazadə qeyd edib ki, ABŞ və Avropa İttifaqı Rusiyaya qarşı vahid mövqedən çıxış edir və koordinasiyalı fəaliyyət göstərir. İstanbul danışıqlarında tərəflər arasında əsasən əsirlərin dəyişdirilməsi və rabitə kanalının açıq saxlanması məsələləri razılaşdırıla bilər. Eyni zamanda, strateji mülki obyektlərə hücum edilməməsi ilə bağlı anlaşmanın əldə olunması da mümkündür.
Lakin ekspertin fikrincə, Rusiya növbəti dəfə Ukraynanın ərazi bütövlüyünü şübhə altına alan təkliflərlə çıxış edərsə, bu, danışıqlara ciddi zərbə vuracaq.
İstanbulda baş tutacaq danışıqlarda Ukrayna prezidenti Volodimir Zelenski və Rusiya prezidenti Vladimir Putin arasında mümkün görüşün də müzakirə ediləcəyi bildirilir. Məhəmməd Əsədullazadəyə görə, Ukrayna belə bir görüşə hazır olsa da, hazırkı mərhələdə Putin nə Zelenski, nə də Tramp ilə görüşə razılıq verməyə meylli deyil.
“Yaxın perspektivdə cəbhə xəttində Ukraynanın üstünlük əldə etməsi və ABŞ-nin yeni sanksiyalar tətbiq etməsi fonunda Donald Tramp, Volodimir Zelenski və Vladimir Putin arasında üçtərəfli görüş baş tuta bilər. Bu görüş üçün Türkiyənin seçilməsi ehtimalı yüksəkdir. Trampın əsas planı da məhz bundan ibarətdir. Ona görə də ABŞ-nin Ukraynaya hərbi yardımı artırması gözlənilir”, – deyə ekspert vurğulayıb.
Bəsti Rəfizadə
Sfera.az