İsrail Suriya druzlarına humanitar yardım göndərir

İsrailin Xarici işlər naziri Gideon Saar Suriyanın cənubundakı Əs-Suveyda şəhərində vəziyyətin pisləşməsi fonunda həmin bölgədə yaşayan druz icmasına humanitar yardımın göndərilməsi barədə göstəriş verib.
Sfera.az xarici KIV-ə istinadən xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Nazirin açıqlamasında bildirilir ki, bu qərar Əs-Suveyda şəhərində druzlara qarşı son hücumlar, bölgədəki ağır humanitar vəziyyət və yerdəki real ehtiyaclar nəzərə alınaraq qəbul edilib.
Yardım paketinin ümumi dəyəri 2 milyon şekel (təxminən 594,8 min ABŞ dolları) təşkil edir. Paketə qida məhsulları, tibbi avadanlıqlar, ilk yardım ləvazimatları və dərman preparatları daxildir. Maliyyələşdirmə birbaşa İsrail Xarici İşlər Nazirliyinin büdcəsindən təmin olunur.
Nazirlik əlavə edib ki, bu yardım konkret olaraq Əs-Suveyda bölgəsində son vəhşi hücumlardan birbaşa təsirlənmiş Druzi icmalarına göndəriləcək. Eyni zamanda bu yardım mart ayında Suriyadakı druzlara çatdırılan əvvəlki humanitar yardımın davamı kimi qiymətləndirilir.
Fidan Hacızadə
Sfera.az