“Rusiya Qərbə qabaqlayıcı hücumlar edə bilər” - Medvedev

Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev Qərb ölkələrini Ukrayna üzərindən Rusiyaya qarşı “tammiqyaslı müharibə” aparmaqda ittiham edib. O bildirib ki, yaranmış vəziyyət Rusiya üçün qabaqlayıcı hücumlar ehtimalını gündəmə gətirə bilər.
Sfera.az xəbər verir ki, “TASS” agentliyinə açıqlama verən Medvedev Qərb ölkələrinin “xain təbiəti və təhrif olunmuş üstünlük duyğusunun” hələ də davam etdiyini deyib.
“Bu gün baş verənlər görünüşdə bir vasitəçi müharibədir, amma əslində Qərb raketlərinin buraxılması, peyk kəşfiyyatı və iqtisadi sanksiyalarla müşayiət olunan tammiqyaslı müharibədir”, - deyə Medvedev vurğulayıb.
O, Qərbin Rusiyanı “tarixi pozuntu” olaraq gördüyünü və ondan nifrət etdiyini iddia edərək deyib:
“Bu səbəbdən biz də uyğun şəkildə hərəkət etməli, lazımi cavab verməli və zərurət yarandıqda qabaqlayıcı hücumlar təşkil etməliyik”.
Medvedev həmçinin Rusiyanın NATO və ya Avropaya hücum etmək kimi bir niyyətinin olmadığını qeyd edib:
“Qərbli siyasətçilərin bu istiqamətdəki açıqlamaları tamamilə absurddur. Bu cür bəyanatlar, onsuz da gərgin olan vəziyyəti daha da qeyri-sabitləşdirmək məqsədi daşıyır”.
Bəsti Rəfizadə
Sfera.az