“Azərbaycan Ukraynaya humanitar dəstəyini davam etdirəcək”

10-11 iyul tarixlərində xarici işlər nazirinin müavini Yalçın Rəfiyevin başçılıq etdiyi nümayəndə heyəti Romada Ukrayna Bərpa Konfransında iştirak edib.
Sfera.az XİN-ə istinadən xəbər verir ki, Y. Rəfiyev çıxışı zamanı Ukraynadakı müharibənin regionda sülh və təhlükəsizliyə ciddi zərər verdiyini bildirib.
Çıxışda Azərbaycanın ilk günlərdən etibarən münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında diplomatik yolla həllini, habelə Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyi ifadə olunub.
Davam edən böhranın ciddi humanitar nəticələrinin dərin təəssüf doğurduğu qeyd edilərək, Azərbaycanın Ukraynaya humanitar yardım göndərən ilk ölkələrdən biri olduğu, bu çərçivədə dərman, qida, elektrik avadanlıqları və s. daxil olmaqla humanitar, həmçinin bərpa və yenidən qurmaya dəstək məqsədli ümumilikdə 42 milyon ABŞ dolları dəyərində yardım göstərildiyi diqqətə çatdırılıb.
O, Azərbaycanın minalardan zərər çəkmiş ölkələrlə həmrəyliyin gücləndirilməsini ardıcıl olaraq dəstəklədiyini qeyd edib. Bu çərçivədə, ölkəmizin Ukraynaya minatəmizləmə sahəsində yardım göstərdiyini və yaxın zamanda ANAMA xətti ilə müvafiq ehtiyat hissələri və təlimin təmin olunacağı barədə məlumat verib.
Nazir müavini Azərbaycanın bundan sonra da ikitərəfli əsasda Ukraynaya humanitar dəstəyini davam etdirəcəyini nəzərə çatdırıb.
Konfrans çərçivəsində Y. Rəfiyev Ukraynan xarici işlər naziri Andrey Sibiqa ilə görüşüb və Azərbaycan ilə Ukrayna arasında ikitərəfli əməkdaşlıq münasibətlərinə dair gələcək planlarla bağlı söhbət aparıb.