PKK liderinin videosu yayıldı - "11 iyulda..."

PKK lideri Abdullah Öcalan təşkilatın tərksilah prosesi ərəfəsində video müraciət yayıb. Paylaşılan video mesajda Ömer Hayri Kaynar, Veysi Aktaş, Mahmut Yamalak, Engin Atabəy, Zeki Bayhan və Hamili Yıldırım Öcalanla birlikdə yer alıblar.
Sfera.az xəbər verir ki, PKK-ya bağlı Fırat Xəbər Agentliyi tərəfindən yayımlanan videoda Öcalan 27 fevral 2025-ci il Barış və Demokratik Cəmiyyət Çağırışını müdafiə etməyə davam etdiyini deyib.
"Silahsızlaşdırma mexanizminin yaradılması prosesi irəli aparacaq. Görülən işlər silahlı mübarizə mərhələsindən demokratik siyasət və hüquq mərhələsinə könüllü keçiddir. Bu, itki yox, tarixi qazanc kimi qiymətləndirilməlidir. Silahsızlaşdırma ilə bağlı detallar müəyyənləşəcək və tezliklə həyata keçiriləcək. Silahın deyil, siyasətin və ictimai sülhün gücünə inanıram. Sizi də bu prinsipi həyata keçirməyə çağırıram”,- o bildirib.
Qeyd edək ki, bu, Abdullah Öcalanın 1999-cu ildən bəri ilk video görüntüləridir.
Xatırladaq ki, PKK 11 iyulda İraqın Süleymaniyyə şəhərində tərksilah olacaq
Firuzə Əliyeva
Sfera.az