Keçmiş hökumət sədri özünə qəsd etdi

Acariya Muxtar Respublikasının keçmiş hökumət sədri Tornike Rijvadze özünə qəsd edib.
Sfera.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin yaydığı məlumatda qeyd olunub.
Məlumata görə, hadisə gecə saatlarında baş verib:
"Rijvadze Dəniz Nəqliyyatı Agentliyinin rəhbəri Aleksi Axvledianiyə məxsus odlu silahdan istifadə edərək iki dəfə öz sinəsinə atəş açıb. Ağır yaralanan keçmiş məmur Saqareco Geohospitalına yerləşdirilib. Həkimlər bildiriblər ki, Rijvadzenin ağciyəri zədələnib və vəziyyəti son dərəcə ağırdır. Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 115-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) üzrə araşdırma başlanıb", - məlumatda bildirilib.
Qeyd edilib ki, təcili tibbi yardım zamanı Tornike Rijvadzenin cibindən bir məktub tapılıb. Məktubda keçmiş hökumət başçısı bir sıra şəxsi və siyasi məqamlara toxunur. O qeyd edir ki, son vaxtlar ona qarşı korrupsiya və narkotacirləri himayə etmək kimi ciddi ittihamlar irəli sürülüb. Həmin təzyiqlərin fonunda belə bir addım atdığını bildirən Rijvadze məktubda hakim “Gürcü Arzusu” partiyasının liderlərinə – Bidzina İvanişviliyə və Baş nazir İrakli Kobaxidzeyə müraciət edərək ailəsinin gələcəyinin onların himayəsində olacağına ümid etdiyini yazıb.
Rijvadze məktubunda, həmçinin öz ətrafındakı əməkdaşları və yaxınlarını müdafiə edərək onların hamısının yalnız onun göstərişləri ilə hərəkət etdiyini vurğulayıb və onların günahsız olduğunu qeyd edib.
Məktubda adıçəkilən Aleksandre Axvlediani barədə də Rijvadze xoş ifadələrlə danışıb və bildirib ki, özünə qəsd etmək üçün istifadə etdiyi silah məhz ona məxsus olub.
Qeyd edək ki, Tornike Rijvadze bu ilin 4 aprel tarixində Acariya hökumətinin sədri postundan istefa vermişdi. O, 2018-ci ildən bu vəzifəni icra edirdi və hakimiyyətin gənc simalarından biri kimi tanınırdı. İstefasından sonra mediada onun adı bir sıra qalmaqallarda hallanmağa başlamışdı.
Hazırda Rijvadzenin səhhəti həkimlərin nəzarətindədir. Onun vəziyyəti ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcəyi gözlənilir. İstintaq isə davam edir.