İran iki fransız vətəndaşını “MOSSAD”a görə həbs etdi

İranın iki fransız vətəndaşını Sesil Koler və Cak Parisi İsrailin “MOSSAD” kəşfiyyat xidməti üçün casusluq ittihamı ilə həbs etməsi Fransanın ciddi narazılığına səbəb olub. Fransa Xarici İşlər naziri Can Noel Barro məsələ ilə bağlı açıqlama verərək, irəli sürülən ittihamların təsdiqlənəcəyi təqdirdə onları “tamamilə əsassız və haqsız” hesab edəcəklərini bildirib.
Sfera.az “Hürriyet”ə istinadən xəbər verir ki, nazir qeyd edib ki, İran rəsmiləri tərəfindən hələlik Parisə rəsmi məlumat verilməyib. O, Koler və Parisin qeyd-şərtsiz və dərhal azad olunmasına çağırıb və onların hüquqlarının müdafiəsi üçün Fransanın dəstəyinin davam edəcəyini vurğulayıb.
Fransız mətbuatının yaydığı məlumata görə, Koler və Paris 2022-ci ilin may ayında İranda saxlanılıb. Onlara qarşı “MOSSAD üçün casusluq”, “rejimi devirmək məqsədilə sui-qəsd” və “yer üzündə fitnə-fəsad yaymaq” kimi ağır ittihamlar irəli sürülüb.
İran tərəfi oktyabr 2022-də dövlət televiziyasında yayımladığı görüntülərdə həmin şəxslərin Fransa kəşfiyyat orqanı DGSE-nin əməkdaşları olduğunu və ölkədə rejim dəyişikliyi məqsədilə fəaliyyət göstərdiklərini iddia edib.
Fransa Xarici İşlər Nazirliyi isə yayımlanan etiraf görüntülərinin məcburiyyət altında alındığını bəyan edərək onların hüquqlarının pozulduğunu bildirib. Paris rəsmiləri məsələ ilə bağlı diplomatik kanallar vasitəsilə təzyiqləri davam etdirir.
Bəsti Rəfizadə
Sfera.az