Azərbaycanda doğulan iş adamı Rusiyada belə saxlanıldı - VİDEO

Rusiyada tikinti şirkətinin baş direktoru 46 milyon rubl məbləğində dələduzluq ittihamı ilə saxlanılıb.
Sfera.az xəbər verir ki, bu barədə fontanka.ru saytı yazıb.
İstintaqın versiyasına əsasən, Azərbaycanda dünyaya gələn “Amurov Group" MMC-nin rəhbəri Mark Aleksandroviç Amurov yaşayış binalarının tikintisinə investisiya cəlb etmək və bu binaları sonradan icarəyə vermək bəhanəsi ilə üç Sankt-Peterburq sakininə qarşı dələduzluq edib.
Belə ki, o, investisiya adı ilə vətəndaşların etimadını qazanaraq iri məbləğdə vəsait toplayıb, lakin bu pullar təyinatı üzrə istifadə olunmayıb. Zərərçəkmişlər onun vədlərinə inanaraq ümumilikdə 46 milyon rubl vəsait veriblər.
Hüquq-mühafizə orqanları tərəfindən keçirilən axtarış zamanı şübhəli şəxsin yaşadığı ünvanda və ofisində daşınmaz əmlaka aid sənədlər, mobil telefon, eləcə də rubl və xarici valyutada külli miqdarda nağd pul aşkarlanaraq götürülüb.
Faktla bağlı cinayət işi açılıb və istintaq davam etdirilir. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi məsələsinə baxılır.