Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.
Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cavanlaşdırıcı inyeksiya prosedurundan dərhal sonra halı pisləşib və o, ürək tutmasından dünyasını dəyişib.
Yaxınlarının sözlərinə görə, Carivala prosedurdan öncə oruc tutmuş, demək olar ki, heç nə yeməmişdi. İynədən sonra aktrisa özünü pis hiss edib, üşütmə və qan təzyiqində kəskin enmə yaşanıb. Ailə üzvləri onu təcili olaraq Mumbaydakı özəl klinikaya çatdırıblar. Həkimlərin müdaxiləsinə baxmayaraq, aktrisanın ürəyi dayanıb və onu xilas etmək mümkün olmayıb.
Polis Şefalinin evində apardığı axtarış zamanı vitamin kompleksləri, hormonal inyeksiyalar və mədə dərmanları da daxil olmaqla bir sıra preparatlar aşkarlayıb. Həkimlər ehtimal edir ki, orqanizm ac qalma, susuzluq və stress fonunda preparatlara tab gətirməyərək çökmüş ola bilər.
Hazırda hadisə ilə bağlı istintaq aparılır. Aktrisanın həyat yoldaşı, anası və ev xidmətçiləri daxil olmaqla səkkiz nəfər ifadə verib. Məhkəmə-tibb ekspertizası zorakılıq əlamətləri aşkar etməyib və ölüm faktı ilkin olaraq bədbəxt hadisə kimi qiymətləndirilib. Nəticələr toksikoloji analizlərdən sonra rəsmiləşdiriləcək.
Qeyd edək ki, Şefali Carivala 2000-ci illərin əvvəlində klipə çəkildikdən sonra məşhurlaşmış və daha sonra filmlərdə, realiti-şoularda çıxış etmişdi. O, Bollivudun ən parlaq və dəbli simalarından biri hesab olunurdu.