İran MAQATE ilə əməkdaşlığı dayandırır

“Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossiyə İranın nüvə obyektlərinə girişə icazə verilməyəcək və həmin obyektlərdə agentliyin videomüşahidə kameralarının quraşdırılmasına imkan tanınmayacaq”.
Sfera.az Mehr agentliyinə istinadən xəbər verir ki, bu sözləri İran parlamentinin sədr müavini Həmid-Rza Hacı Babai bildirib. Hacı Babai bu qərarın İsrailin əldə etdiyi və İranın nüvə sənayesinin vəziyyəti ilə bağlı məlumatlara əsaslanaraq verildiyini açıqlayıb. İranın xarici işlər naziri Abbas Əraqçı isə bildirib ki, Qrossinin daha əvvəl bombalanmış nüvə obyektlərinə səfərinə icazə verilməyib.
Nazir həmçinin xatırladıb ki, Tehran artıq qəbul edilmiş və qüvvəyə minmiş qanuna əsasən MAQATE ilə əməkdaşlığı dayandırıb. Əraqçı, Qrossini MAQATE-nin Rəhbərlər Şurasında İranın nüvə fəaliyyəti ilə bağlı ABŞ və İsrailin mövqeyini əks etdirən qətnamənin qəbuluna şərait yaratmaqda ittiham edib. O, Qrossinin ABŞ və İsrailin İranın nüvə obyektlərinə qarşı həyata keçirdiyi hücumları açıq şəkildə pisləməkdən çəkinməsini tənqid edib. “MAQATE və onun Baş direktoru bu cür gərgin vəziyyətə görə tam məsuliyyət daşıyır”, – deyə nazir vurğulayıb.
Fidan Hacızadə
Sfera.az