ABŞ-dən təkzib: "İranın nüvə obyektinə hücum etməmişik"

ABŞ hərbçiləri İranın İsfahandakı yerin çox dərinliklərində yerləşən nüvə obyektinə bunker əleyhinə bombalarla zərbə endirməyib.
Sfera.az “CNN”ə istinadən xəbər verir ki, Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Den Keyn bildirib ki, həmin obyekt o qədər dərinlikdə yerləşir ki, bunker əleyhinə bombaların təsirli olması real görünmür.
Vaşinqtonun hesablamalarına görə, İranın zənginləşdirilmiş uran ehtiyatlarının 60%-i İsfahanda yerin dərin qatlarında saxlanılır. ABŞ bu hədəfi yalnız sualtı qayıqlardan buraxılan “Tomahawk” qanadlı raketlərlə vura bilib. Bununla yanaşı, “B-2”bombardmançıları Fordo və Natanzdakı nüvə obyektlərinə hücumlar həyata keçirib. Konqres üzvləri üçün qapalı keçirilən brifinqdə general Keynlə yanaşı, Pentaqon rəhbəri Pit Heqset, dövlət katibi Marko Rubio və Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Ratkliff də çıxış ediblər.
Ratkliffin sözlərinə görə, İran zənginləşdirilmiş uranın böyük hissəsini İsfahan və Fordodakı obyektlərdə saxlayır. Demokrat senator Kris Mörfi isə bəyan edib ki, İranın bəzi nüvə obyektləri elə dərinlikdədir ki, ABŞ-nin onlara çatması mümkün deyil. Respublikaçı konqresmenlər də brifinqdən sonra ABŞ-nin zərbələrinin İranın bütün nüvə materiallarını məhv etmədiyini vurğulayıblar. Nümayəndə Maykl Makkal bildirib ki, İran indi vəziyyətə aydınlıq gətirmək üçün ABŞ və MAQATE ilə danışıqlara başlamalıdır.
Qeyd edək ki, bir gün əvvəl ABŞ Prezidenti Donald Tramp açıqlamasında bildirib ki, Tehranın yüksək dərəcədə zənginləşdirilmiş uranı ABŞ-nin. zərbələri zamanı evakuasiya etməyə vaxtı olmayıb, çünki bu materialların daşınması çox ağırdır və gizlədilməsi mümkün deyil.
Xatırladaq ki, iyunun 22-də ABŞ ordusu İranda Fordo, İsfahan və Natanzdakı nüvə obyektlərinə hava zərbələri endirib. Bu əməliyyatlardan əvvəl İranın nüvə proqramını məhdudlaşdırmaq məqsədilə İsrailin də hərbi hücumları həyata keçirilib. Tramp sonradan atəşkəs elan edib və həm İran, həm də İsrail bu razılaşmanı qəbul edib. Atəşkəs rejiminə hələ də nəzarət davam etdirilir. Bununla belə, media ABŞ zərbələrinin İranın nüvə proqramını tamamilə ləğv edə bilmədiyini dəfələrlə qeyd edib.
Fidan Hacızadə
Sfera.az