İsrailin raketləri İranda zəlzələ yarada bilərmi?


İsrailin raketləri İranda zəlzələ yarada bilərmi?

İsrail-İran müharibəsinin alovlandığı, raketlərin bir-birinin ardınca havaya qalxdığı bir vaxtda çoxlarını belə bir sual düşündürür - İranın bombardman edilməsi və eləcə də İranın nüvə reaktorlarının partladılması dağıdıcı zəlzələni tətikləyə bilərmi?

 

Sfera.az xəbər verir ki, məsələ ilə bağlı Oxu.az-a açıqlama verən Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru, geofizika üzrə tanınmış alim Qurban Yetirmişli raketlərin yerə düşəndə istər-istəməz səthdə silkələnmə yaratdığını bildirib:

 

“Sadə bir misal: təsəvvür edin, bir yük maşını daşları boşaldır, siz də yaxınlıqdasınız, evdə oturmusunuz - görürsünüz ki, evin şüşələri titrəməyə başlayır. Raket və bombaların təsiri də buna bənzərdir.

 

Şimali İran qırılma xətti Xəzər dənizinin ortasından keçir. İran, Türkiyə və Ərəbistan eyni tektonik plitə üzərində yerləşir. Bir tərəfdə Afrika plitəsi, digər tərəfdə isə Avrasiya plitəsi yerləşir. Bu plitələr bir-birinə sıxıldıqda silkələnmələr yaranır. Bunlar böyükhəcmli plitələrdir və onların daxili blokları daim hərəkətdədir. Zəlzələlər də bu plitələrin hərəkəti, bir-biri ilə toqquşması və sıxılması nəticəsində baş verir. Bu, "kolliziya zonası" adlanır. Bu zaman bloklar parçalanaraq fərdi hərəkətlər edir. Tektonik qırılmalar boyunca yerləşən zəlzələ qradiyent sahələrində bu proseslər baş verir. Bloklar bir-birini sıxdıqca bu sahələrdə zəlzələlərin başvermə ehtimalı artır. Əgər bu zonalarda hərəkət aktivdirsə, həmin bölgələrdə zəlzələ riski də yüksəlir”.

 

Q.Yetirmişli vurğulayıb ki, biz bu qradiyent sahələri elmi üsullarla araşdırırıq:

 

“Respublikada 400-ə yaxın müşahidə nöqtəmiz var. Bu nöqtələrdə qravitasiya sahəsi, maqnit variasiyaları, seysmiklik və GPS müşahidələri aparılır. Bu vasitələrlə blokların hərəkət istiqaməti və sürəti müəyyən edilir.

 

İndi sualınıza qayıdıram: 1 500 kiloqramlıq döyüş başlığı daşıyan raketlər partladıqda afterşok (təkrar zəlzələ effekti - red.) yaradaraq tektonik qırılmalara təsir göstərməsi mümkündürmü? Blok daxilindəki hərəkətlərə müəyyən qədər təsir göstərə bilər, amma bütövlükdə plitələrin hərəkətinə ciddi təsiri yoxdur. Plitələrin öz hərəkəti var, onların üzərində isə müxtəlif bloklar yerləşir və onlar da fərqli istiqamətlərdə hərəkət edir.

 

Azərbaycandakı bölgələrin hər birində GPS stansiyaları vasitəsilə bu hərəkətlərin sürəti müəyyən olunur. Məsələn, bir blok ildə 10 mm, digəri isə 8 mm sürətlə hərəkət edirsə, bu, bir blokun digərini sıxması ilə nəticələnir. Bu da tektonik qırılma zonalarının yaranmasına səbəb olur.

 

Layların parçalanması nəticəsində yaranan zəlzələlərin də parametrləri var. Qırılmanın uzunluğu kilometrlərlə ölçülür. Bu qırılmalar kritik həddə çatdıqda yer qabığında parçalanmalar baş verir və bu da zəlzələyə səbəb olur. Bu proseslər qayaların növündən - gil, qum və ya digər materiallardan da asılıdır.

 

Zəlzələ ocağının da parametrləri var - məsələn, 20-30 kilometr dərinlikdə ola bilər. Biz onun mexanizmini - itələnmə, yuxarıya qalxma və ya qırılma proseslərini də təyin edirik”.


OXŞAR XƏBƏRLƏR