İranlı nüvə mütəxəssisi həyat yoldaşı ilə birgə öldürüldü

İranlı nüvə mütəxəssisi həyat yoldaşı ilə birgə öldürüldü

İranlı nüvə mütəxəssisi İsar Təbatəbai Tehranda yerləşən evində həyat yoldaşı Mənsurə Hacı Salimlə birlikdə hücuma məruz qalaraq qətlə yetirilib. 

 

Sfera.az xəbər verir ki, bu barədə İranın “Mehr” xəbər agentliyi məlumat yayıb. Məlumata görə, Təbatəbai İranın nüvə sənayesində uzun illər mühüm fəaliyyət göstərib və 2007-ci ildə nüvə mühəndisliyi üzrə doktorantura təhsilini başa vurub. Hücumun hansı tarixdə və necə baş verdiyinə dair əlavə məlumat verilməyib.

 

Hadisə İsrailin İran ərazisində nüvə və hərbi obyektlərə qarşı son günlər həyata keçirdiyi hücumlar fonunda baş verib.

 

Qeyd edək ki, İsrailin 13 iyun tarixində İranın müxtəlif şəhərlərindəki nüvə obyektləri və yüksək rütbəli hərbçiləri hədəf aldığı hücumlarda İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, İnqilab Keşikçiləri Korpusunun baş komandanı və daha doqquz nüvə alimi də daxil olmaqla onlarla şəxs həlak olub.


İran Səhiyyə Nazirliyi 21 iyunda bildirib ki, hücumlar nəticəsində 430 mülki şəxs ölüb, 3 min 500-dən çox insan yaralanıb. İran ordusunun cavab olaraq İsrailə endirdiyi ballistik raket zərbələrində isə 25 nəfər ölüb, 2 min 517 nəfər yaralanıb.

 

Bəsti Rəfizadə
Sfera.az


OXŞAR XƏBƏRLƏR