Xamenei öldürülsə, "Pandoranın qutusu açıqlacaq" - Peskov

Kremlin sözçüsü Dmitri Peskov "Sky News"a verdiyi müsahibədə İsrailin İrana qarşı hücumları ilə alovlanan gərginlik barədə danışıb. O, İsrailin ABŞ-ın dəstəyi ilə İranın ali lideri Ayətullah Xameneiyə qarşı sui-qəsd həyata keçirməsi halında Rusiyanın reaksiyasının “çox mənfi” olacağını bildirib və bu cür addımın “Pandora qutusunu açacağı” (yunan mifologiyasına görə bu qutu açılandan sonra dünyaya bütün pisliklər yayılıb - red.) barədə xəbərdarlıq edib.
Sfera.az xəbər verir ki, Peskov rejim dəyişikliyi ideyasını “ağlasığmaz” və “qəbuledilməz” adlandıraraq, bununla bağlı danışmağın belə yolverilməz olduğunu deyib.
O, Rusiyanın Xameneyinin öldürüləcəyi halda nə edəcəyi ilə bağlı konkret açıqlama verməsə də, belə bir hadisənin İranda ekstremist əhval-ruhiyyənin artmasına səbəb ola biləcəyini vurğulayıb.
Peskov həmçinin İsrailin hücumlarını və İranın cavab zərbələrini bütün region, həmçinin qlobal təhlükəsizlik üçün ciddi risk kimi qiymətləndirib. Münaqişəyə üçüncü tərəflərin cəlb olunması halında, yeni və daha genişmiqyaslı qarşıdurmaların ortaya çıxacağına dair xəbərdarlıq edib.
ABŞ Prezidenti Donald Trampın vasitəçilik təkliflərini rədd etməsi ilə bağlı isə Peskov bu ifadələrdə təhqir olmadığını, Trampın özünəməxsus danışıq tərzi olduğunu qeyd edib. Rusiya tərəfinin tolerant olduğunu və eyni münasibəti qarşı tərəfdən də gözlədiklərini əlavə edib.
Rusiya-Ukrayna müharibəsinə toxunan Peskov bildirib ki, Moskva “strateji üstünlük” əldə edib və bu mövqeni saxlamaq niyyətindədir. Kiyevin xarici hərbi dəstəyi dayandıracağı təqdirdə Rusiya atəşkəsə razı ola bilər, amma bu ehtimalın reallıqdan uzaq olduğunu deyib.
Vasif