İsrail İranın nüvə obyektlərinə hücum edib

İsrail Müdafiə Qüvvələri (IDF) cümə axşamı gecə saatlarında İranın müxtəlif nüvə obyektlərinə genişmiqyaslı hava hücumları həyata keçirdiyini bildirib.
Sfera.az İnterfaks nəşrinə istinadən xəbər verir ki, rəsmi açıqlamaya əsasən, zərbələr əsasən Arak şəhəri yaxınlığındakı işlək olmayan IR-40 ağır su reaktoruna və Natanzdakı nüvə mərkəzinə yönəlib.
IDF-nin məlumatına görə, Arak yaxınlığındakı reaktorun aktiv sahələri, o cümlədən plutonium istehsalında istifadə oluna biləcək əsas komponentlər hədəfə alınıb. Natanzda isə nüvə silahı istehsalına xidmət etdiyi bildirilən obyektlər vurulub.
İsrail Hərbi Kəşfiyyat İdarəsinin (AMAN) verdiyi kəşfiyyat məlumatları əsasında həyata keçirilən əməliyyatlarda ümumilikdə 40 döyüş təyyarəsi iştirak edib. Onlar gecə ərzində Tehranda və İranın digər bölgələrində onlarla strateji hədəfi məhv ediblər.
İsrail Müdafiə Nazirliyi əlavə edib ki, hücumlar zamanı İranın hava hücumundan müdafiə batareyaları, yer-yer raketləri üçün anbarlar, radar stansiyaları, silah zavodları, o cümlədən raket və xammal istehsalı sahələri də hədəfə alınıb.
Fidan Hacızadə
Sfera.az