Dünyaca tanınmış pianoçu vəfat etdi - FOTO

Dünyaca məşhur pianoçu, dirijor və yazıçı Alfred Brendel 94 yaşında Londondakı evində vəfat edib.
Sfera.az Milli.Az-a istinadən xəbər verir ki, "Musiqiçilərin musiqiçisi" kimi tanınan Brendel klassik musiqi dünyasında mühüm yer tutub. O, Beethovenin bütün fortepiano əsərlərini səsyazma şəklində təqdim edən ilk pianoçu olub. Bundan əlavə, Haydn, Şubert, Şonberq və Lisztin əsərlərinin təbliğində və repertuarlara daxil edilməsində önəmli rol oynayıb.
1931-ci ildə Çexiyanın Moraviya bölgəsində anadan olan Brendel musiqi təhsilini gənc yaşlarında alıb, lakin sonradan əsasən özünü öyrədib. 17 yaşında ilk ictimai konsertini Qrazda verib və 1949-cu ildə Busoni müsabiqəsində dördüncü yerə layiq görülüb.
60 ildən çox davam edən karyerası ərzində o, dünyanın ən aparıcı orkestr və dirijorları ilə çıxış edib. 1971-ci ildən Londonda yaşamış Brendel həmçinin şeir, esse yazmaqla yanaşı, mühazirələr oxuyub və gənc musiqiçilərə ustad dərsləri verib.
Onun tələbələri sırasında Pol Lyuis, İmogen Kuper, Kit Armstronq və Till Fellner kimi tanınmış musiqiçilər yer alır.