Məşhur müğənni göz yaşları içində səhnə ilə VİDALAŞDI

Erkən mərhələdə döş xərçəngi diaqnozu qoyulan Jessie J Wembley Stadionunda emosional konserti ilə pərəstişkarları ilə vidalaşıb.
Sfera.az xarici mediaya istinadla xəbər verir ki, səhnədə olarkən göz yaşlarını saxlaya bilməyən sənətçi müalicə prosesindən əvvəl son dəfə səhnəyə çıxdığını bildirib.
37 yaşlı sənətçi minlərlə pərəstişkarını yola salmaq üçün Capital Summertime Ball çərçivəsində səhnəyə çıxıb və musiqiyə ara verəcəyini açıqlayıb. Göz yaşlarını saxlaya bilməyən Jessie J emosional anlar yaşayıb.
"Bu gün bu konsert mənim döş xərçəngi ilə mübarizəyə getməmişdən əvvəlki son konsertimdir. Bu an mənim üçün o qədər xüsusidir ki, bunu təsvir edə bilmirəm" .
Qeyd edək ki, əsl adı Jessica Cornish olan sənətçi bu ayın əvvəlində İnstaqramda erkən mərhələdə döş xərçəngi olduğunu açıqlamışdı. Diaqnozu ilk aldığı zaman ifaçılıqdan vaz keçmədiyini bildirən Jessie J, aprel ayında Londonda Ronnie Scott's Jazz Club-da verəcəyi konsertdən əvvəl 5 biopsiya aldığını açıqlasa da, konserti ləğv etməmişdi.