İsrailin Müdafiə Ordusu Tehrana yeni zərbə endirəcəyini elan etdi

İsrailin Müdafiə Ordusu Tehrana yeni zərbə endirəcəyini elan edib.
Sfera.az xəbər verir ki, bu barədə Ordunun Mətbuat xidməti məlumat yayıb.
"Hörmətli sakinlər, təhlükəsizliyiniz üçün sizdən göstərilən əraziləri dərhal tərk etməyinizi xahiş edirik", - İsrail Müdafiə Ordusunun farsdilli nümayəndəsi Kamal Penhasi bildirib.
K.Penhasi vurğulayıb ki, yaxın saatlarda İsrailin Müdafiə Ordusu İranın hərbi infrastrukturuna zərbə endirəcək.
Xatırladaq ki, iyunun 13-nə keçən gecə İsrail ordusu “Yüksələn Aslan” adlı genişmiqyaslı əməliyyata başlayıb. Bu əməliyyat çərçivəsində Hərbi Hava Qüvvələri hərbi obyektlərə və İranın nüvə proqramının obyektlərinə zərbələr endirir.
İsrail Hərbi Hava Qüvvələri İranın müxtəlif bölgələrində, o cümlədən Tehranda bir neçə dəfə hücumlar həyata keçirib və burada İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi və İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri də daxil olmaqla bir neçə yüksək rütbəli iranlı hərbçi, həmçinin bir sıra nüvə alimləri həlak olub. Ölkədəki bir neçə nüvə obyekti, o cümlədən Natanz və Fordoda, həmçinin İranın ölkənin müxtəlif bölgələrindəki hərbi mövqeləri də vurulub. (Report)