78 milyard dollar dəyərində nəhəng qızıl yatağı tapıldı

Qlobal mədən sənayesini təəccübləndirən yeni kəşf baş verib.
Sfera.az xəbər verir ki, Mərkəzi Çində müasir texnologiyaların köməyi ilə nəhəng qızıl ehtiyatları aşkarlanıb.
Yeni qızıl ehtiyatları Çinin mərkəzində yerləşən Hunan əyalətindəki Vanqu yatağında aşkar edilib. İlkin qiymətləndirmələrə əsasən, bu yataqdakı qiymətli metal ehtiyatlarının ümumi dəyəri təxminən 78 milyard dollar təşkil edir. Bu, bu günə qədər dünyada aşkarlanmış ən iri qızıl yataqlarından biri sayılır.
Məlumata görə, Vanqu yatağında aparılan ilkin qazma işləri zamanı artıq 2 min metr dərinlikdə 300 ton qızıl ehtiyatı qeydə alınıb. Ancaq tədqiqatlar 3 min metr dərinlikdə ehtiyatların 1000 tona çata biləcəyini göstərir.
Mütəxəssislərin qiymətləndirməsinə görə, hər ton süxurda təqribən 138 qram qızıl ola bilər. Dağ-mədən kəşfiyyatı üzrə mütəxəssis Çen Julin jurnalistlərə bildirib ki, qızıl birbaşa süxur nümunələrində gözlə görünə bilirdi ki, bu da müasir yataqlarda nadir rast gəlinən haldır.
Geoloqlar yatağın qiymətləndirilməsi üçün yeni üsullardan istifadə ediblər. Onlar qızıl damarlı süxurların 3D modellərini yaradaraq dəqiq xəritələşdirmə aparıblar. Hunan Geoloji Bürosunun direktor müavini Lyu Yunszün bildirib ki, bu texnologiya sayəsində ən zəngin sahələr və perspektivli kənar zonalar müəyyən edilib.
Ekspertlər hesab edirlər ki, bu dəqiq xəritələşdirmə metodu dünya üzrə qızıl hasilatı sahəsində inqilabi dəyişikliklərə səbəb ola bilər. Bu texnologiya, əvvəllər qeyri-effektiv sayılan yataqların da iqtisadi baxımdan sərfəli şəkildə işlənməsini mümkün edə bilər./Qaynarinfo