Təyyarədə zarafatlaşan 3 nəfər saxlanıldı - Axtarış başladı

Ankaranın Esenboğa hava limanında Diyarbəkirə uçmağa hazırlaşan sərnişin təyyarəsində insident yaşanıb.
Sfera.az xəbər verir ki, səhər saatlarında baş verən hadisə zamanı üç sərnişin öz aralarında "bomba" sözünü işlədib və nəticədə təyyarədə həyəcan yaşanıb.
İlkin məlumatlara görə, uçuşdan əvvəl kabinədə zarafatlaşan sərnişinlərdən bir neçəsi "bomba" ifadəsini işlədib. Bu vəziyyəti dərhal pilot heyətinə bildirən kabinə əməkdaşları təhlükəsizlik tədbirlərinin görülməsinə səbəb olub. Pilotun xəbərdarlığı ilə təyyarəyə polis qrupları göndərilib və sözügedən üç sərnişin dərhal saxlanılaraq terminala aparılıb.
Polis qrupları təyyarədə ətraflı axtarış aparsa da, heç bir partlayıcı maddəyə rast gəlinməyib. Hadisə nəticəsində Ankara-Diyarbəkir reysi gecikmə ilə həyata keçirilib.
Qeyd edək ki, hava nəqliyyatı qaydalarına əsasən, bu kimi zarafatlar ciddi təhlükə hesab olunur və sərnişinlər haqqında hüquqi tədbirlər görülə bilər.
Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.