Suriyaya qarşı iqtisadi sanksiyalar ləğv edilir

Avropa İttifaqının 27 üzv ölkəsinin Suriyaya qarşı tətbiq etdiyi bütün iqtisadi sanksiyaların ləğv olunması üçün razılıq verdiyi bildirilib.
Sfera.az “NTV”yə istinadən xəbər verir ki, bu qərarın rəsmi elanının gün ərzində Brüsseldə keçiriləcək Aİ Xarici İşlər Nazirləri Şurasının toplantısında veriləcəyi gözlənilir. Aİ-nin bu addımı ABŞ Prezidenti Donald Trampın ötən həftə Vaşinqtonun Suriyaya qarşı sanksiyalarını ləğv etdiyini açıqlamasından sonra atılıb.
Yeni razılaşmaya əsasən, Suriyanın bank sektorunu beynəlxalq sistemdən ayıran və Mərkəzi Bankın aktivlərini donduran sanksiyalar da daxil olmaqla, bütün iqtisadi məhdudiyyətlərin ləğvi nəzərdə tutulur.
Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas jurnalistlərə açıqlamasında, Suriyadakı rejimlə bağlı narahatlıqların davam etdiyini etiraf etsə də, mövcud vəziyyətdə başqa alternativin olmadığını vurğulayıb:
“Ya biz onlara ölkəni sabitləşdirmək imkanı verəcəyik, ya da Əfqanıstandakına bənzər bir fəlakətlə qarşılaşacağıq”, – deyə Kallas bildirib.
Kallas həmçinin bildirib ki, ABŞ-nin sanksiyaları ləğv etməsi Aİ üçün də müsbət bir siqnaldır və İttifaq bu prosesdə öncül rol oynamaq istəyir.
Qeyd edək ki, Aİ Suriyaya qarşı ilk sanksiyaları 2011-ci ilin mayında, ölkədə vətəndaş müharibəsi başladıqdan sonra tətbiq etmişdi. Həmin dövrdən etibarən rejimlə əlaqəli şəxslərə səyahət qadağaları qoyulub, onların aktivləri dondurulub. Bundan əlavə, neft məhsullarının idxalı, ikili təyinatlı malların (həm mülki, həm hərbi məqsədlərlə istifadə oluna bilən) və rabitə avadanlıqlarının ixracı da məhdudlaşdırılıb. Rejimin maliyyə sisteminə zərbə vurmaq üçün müxtəlif sektoral layihələrin maliyyələşdirilməsinə də qadağalar qoyulmuşdu.
Bu ilin fevralında Aİ bəzi sektorlara, o cümlədən enerji və nəqliyyat sahələrinə yönəlmiş sanksiyaların “müvəqqəti olaraq dayandırıldığını” açıqlamışdı. Aİ rəsmiləri bildirirlər ki, sanksiyaların ləğvi ilə bağlı qərarlar “geri dönə biləndir” və Suriyadakı vəziyyətin inkişafı diqqətlə izləniləcək.
Bəsti Rəfizadə
Sfera.az