Roma Papasının taxta çıxma mərasimi

Vatikanda Papa XIV Leonun inaqurasiya mərasimi keçirilib.
Sfera.az yerli mediaya istinadla xəbər verir ki, Vatikanda yeni seçilmiş Papa XIV Leonun pontifikatına rəsmi start verilib. İnaqurasiya mərasimi Müqəddəs Pyotr bazilikasında, ilk Papa Müqəddəs Pyotrun məzarı önündə baş tutub və bir neçə televiziya kanalı tərəfindən canlı yayımlanıb.
Papa XIV Leo mərasimdən əvvəl açıq "Popemobil" avtomobili ilə Müqəddəs Pyotr meydanı və Via Conciliazione yolu boyunca hərəkət edərək xalqı salamlayıb. Mərasimi izləmək üçün minlərlə zəvvar və turist Vatikan ərazisinə toplaşıb. Rəsmi məlumatlara görə, tədbirdə iştirak edənlərin sayı 250 minə çata bilər. Onların sırasında Xristian Yubiley ili münasibətilə Romaya gəlmiş çoxsaylı əcnəbi zəvvarlar da yer alıb.
Meydan həmçinin 150-dən çox beynəlxalq nümayəndə heyətini qəbul edib. Xüsusilə İtaliya, uzun illər missionerlik fəaliyyəti göstərdiyi və vətəndaşlıq aldığı Peru, eləcə də doğulduğu ABŞ (Çikaqo) nümayəndələri diqqət çəkib. Eyni zamanda, mərasimdə Konstantinopol Patriarxlığı da daxil olmaqla müxtəlif xristian məzhəblərinin nümayəndələri iştirak ediblər.
İnaqurasiyanın ən önəmli anı isə Papa hakimiyyətinin rəmzləri sayılan "Balıqçı üzüyü" və palliumun (xaçlarla bəzədilmiş yun lent) XIV Leo-ya təqdim olunması olub.