Putin İstanbula getməyəcək

Rusiya Prezidenti Vladimir Putinin mayın 15-də İstanbula səfər etməsi gözlənilmir.
Sfera.az xəbər verir ki, bu barədə Gulagu.net layihəsi Federal Təhlükəsizlik Xidmətinə yaxın mənbəyə istinadla məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, “prezidentin təhlükəsizlik xidməti” belə bir səfərin hazırlığı ilə məşğul deyil. Yəni, rəsmi Moskva səfəri planlaşdırmır.
Eyni zamanda, Rusiya xüsusi təyinatlı aviasiya dəstəsinin təyyarəsi İstanbula uçuşa hazırlaşdırılır. Bu uçuşla Rusiya xarici işlər naziri Sergey Lavrov və prezidentin köməkçisi Yuri Uşakovun Türkiyəyə getməsi planlaşdırılır.
Mənbə istisna etmir ki, əgər Vladimir Putinlə ABŞ prezidenti Donald Tramp arasında qəfil şəxsi razılaşma olarsa, səfər qərarı istənilən anda dəyişdirilə bilər. Lakin 15 may səhəri üçün Putinin rəsmi qrafikində Kremlin daxilində görüşlər nəzərdə tutulub.
Bu səbəbdən Rusiya liderinin yaxın günlərdə İstanbula səfəri baş tutmayacaq kimi görünür.