"Putin və Zelenski görüş keçirə bilər" - Stiv Vitkoff

ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoff Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Volodimir Zelenski arasında yaxın gələcəkdə görüşün baş tuta biləcəyinə ümid etdiyini bildirib.
Sfera.az “İnterfaks” nəşrinə istinadən xəbər verir ki, Vitkoff bu barədə “Breitbart”a açıqlamasında danışıb. O qeyd edib ki, Rusiya-Ukrayna arasında prezidentlər səviyyəsində sammitin keçirilməsi ehtimalı mövcuddur.
Vitkoffun sözlərinə görə, əgər ABŞ nizamlanma prosesində vasitəçi rolunu dayandırsa və “bu bizim müharibəmiz deyil, əlimizdən gələni etdik” desə, bu vəziyyət “hamı üçün pis nəticələnəcək”.
“Bizim vəzifəmiz tərəfləri danışıqlar masası arxasına gətirmək və göstərməkdir ki, sülh yolu ilə həllin alternativləri hər kəs üçün daha pis nəticələr doğuracaq”, – deyə o bildirib.
ABŞ nümayəndəsi vurğulayıb ki, ölkə prezidenti Donald Tramp Kiyev və Moskvaya “ultimatum” verib. Əgər tərəflər arasında nizamlanma istiqamətində irəliləyiş əldə olunmazsa, ABŞ bu prosesdən geri çəkiləcək.
Stiv Vitkoff onu da qeyd edib ki, tərəflərin mövqelərini bir-birinə yaxınlaşdırmaq üçün xeyli iş görülüb. Bununla belə, əsas məsələlər ərazilər, Zaporojye Atom Elektrik Stansiyası, ukraynalıların Dnepr çayından istifadəsi və okeana çıxış imkanları hələ də açıq qalır.
“Fikrimcə, bunlar tərəflər danışıqlar masası arxasına əyləşsə, həll edilməsi çətin olmayan məsələlərdir. Biz onların mövqelərini yaxınlaşdırmağa çalışırıq, kompromislər və yaradıcı həll yolları təklif edirik”, – deyə o əlavə edib.
Vitkoffun sözlərinə görə, ABŞ həm ukraynalı, həm rus, həm də avropalı tərəflərlə fəal şəkildə əlaqə saxlayır: “Hamı ilə danışmaq vacibdir”.
Sonda o qeyd edib ki, “prezident Putinin imzası olmadan heç bir razılaşma mümkün deyil” və Moskva ilə dialoqa qarşı çıxanların məntiqini anlaya bilmir.
Fidan Hacızadə
Sfera.az