ABŞ-də dindarlar miqrasiya siyasətinə etiraz ediblər: “Tanrının prinsiplərinə ziddir” - FOTO

ABŞ-də dindarlar miqrasiya siyasətinə etiraz ediblər: “Tanrının prinsiplərinə ziddir” - FOTO

ABŞ-nin Nyu-Cersi ştatının Nevark şəhərində yerləşən Miqrasiya və Gömrük Mühafizə İdarəsinin (ICE) yeni açılan mərkəzi qarşısında etiraz aksiyası keçirilib. Aksiya iştirakçıları mərkəzin bağlanması və burada saxlanılan qeyri-qanuni miqrantların azadlığa buraxılması tələbi ilə çıxış ediblər.

 

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, etirazda iştirak edənlərin əksəriyyəti müxtəlif dinlərə aid olan dini liderlər olub.

 

Onlar ABŞ-nin miqrasiya siyasətinə qarşı çıxaraq, ölkə boyu saxlanılan bütün qeyri-qanuni miqrantların azadlığa buraxılmasını və ABŞ sərhədlərinin sığınacaq axtaran hər kəs üçün yenidən açılmasını tələb ediblər. Xristian din xadimləri ICE mərkəzində baş verənləri “Tanrının prinsiplərinə zidd” adlandırıblar. Yəhudi din xadimləri isə miqrantların taleyini yəhudi xalqının tarixdə yaşadığı çətinliklərlə müqayisə edərək onlara dəstək nümayiş etdiriblər.


Sayı 50-yə çatan din xadimi aksiya zamanı miqrantlar üçün dualar oxuyub, ilahilər səsləndiriblər. Etirazçılar həmçinin ABŞ hökumətinin miqrasiya siyasətini tənqid edən plakatlar və şüarlarla çıxış ediblər.


Etirazdan bir neçə gün əvvəl, 9 mayda Nevark şəhərinin meri Ras J. Baraka, ICE mərkəzində yoxlama aparmaq istədikdə, ICE əməkdaşları ilə mübahisə yaşanıb. Barakanın mərkəzə icazəsiz daxil olduğunu bildirən ICE əməkdaşları onun mərkəzi tərk etməsini tələb ediblər. Hadisəyə münasibət bildirən Nyu-Cersi ştatının qubernatoru Fil Mörfi merə qarşı münasibəti haqsızlıq kimi qiymətləndirib.


Mer Baraka daha əvvəl də bu mərkəzin lazımi hüquqi icazələr olmadan fəaliyyət göstərdiyini açıqlamışdı.


Bəsti Rəfizadə
Sfera.az

 

 

 


OXŞAR XƏBƏRLƏR