Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar paslı su içib tuta bildikləri balıqları yeməklə sağ qalıblar.
Sfera.az bildirir ki, üç Peru və iki Kolumbiya vətəndaşı martın ortalarında itkin düşüb. Balıqçılar Perunun paytaxtı Limanın cənubunda yerləşən Pukusana körfəzindən yola düşsələr də, yola çıxdıqdan ikinci gün gəminin alternatoru sıradan çıxıb. Bu, rabitə və naviqasiyanın tamamilə sıradan çıxması, həmçinin elektrik enerjisinin kəsilməsi ilə nəticələnib.
Ekstremal şəraitdə sağ qalmaq üçün balıqçılar mühərrikdən paslı su çıxarır, üzən balıqları tutur və birtəhər güclərini artırmaq üçün onları qaynadıblar. Balıqçılar həmçinin yağış suyu və hətta duzsuzlaşdırılmış dəniz suyu içməyə məcbur olublar.
Onlar mayın 7-də Ekvadorun “Aldo” tuna balıqçı gəmisi tərəfindən xilas edilib. Həmin gün onlar Qalapaqos adalarında bir limana gəliblər.
Hazırda kişilərin vəziyyəti stabildir. Ekvador Hərbi Dəniz Qüvvələri xilas edilənlərin evlərinə təhlükəsiz qayıtmasını təmin etmək üçün yerli və xarici hakimiyyət orqanları ilə əlaqə saxladığını bildirib.
Aysel