Rusiya-Ukrayna müharibəsində dönüş olacaq?: "Zaman bu ölkənin xeyrinə işləyir"

Rusiya-Ukrayna müharibəsində dönüş olacaq?: "Zaman bu ölkənin xeyrinə işləyir"

Ukrayna və Rusiya prezidentlərinin danışıqlara başlanılması ilə bağlı verdiyi açıqlamalar münaqişənin həllində dönüş olacağına dair ümidlər yaradıb. Bəzi mülahizələrə görə, öncə biraylıq, ardınca isə daha uzunmüddətli atəşkəsin əldə edilməsi ehtimalı var. 


Lakin bunun əksini düşünənlər də mövcuddur. Əks fikirdə olanlar müharibənin diplomatik yolla həllinə inanmırlar.

 

Məsələ ilə Sfera.az-a açıqlqama verən politoloq Fərhad Mehdiyev də hesab edir ki, uzunmüddətli atəşkəsin əldə olunması hələlik mümkün görünmür.

 

Onun sözlərinə görə, bu cür razılaşmaya gəlmək üçün tərəflərin ciddi güzəştlərə hazır olması lazımdır. Politoloq dedi ki, Zelenskinin əsas şərti Rusiyanın işğal etdiyi Ukrayna ərazilərindən tamamilə çıxmasıdır: "Lakin mövcud reallıqda Rusiyanın bu əraziləri tərk etməsi ehtimalı çox zəifdir. Əgər Rusiya daxilində hakimiyyət dəyişikliyi baş versə və ya daxili təzyiqlər artsa, bəlkə də hansısa dönüş nöqtəsi ola bilər. Amma bu, yaxın perspektivdə gözlənilmir”.


O Azərbaycan-Ermənistan münaqişəsi ilə paralellər apararaq bildirib ki, o zaman da tərəflər ilkin mərhələdə bir-birinin üstünlüklərini qəbul etməmişdi:

 

“Sülh razılaşması əldə olunsa da, münaqişə tam həll olunmamışdı və atəşkəs müvəqqəti xarakter daşıyırdı. Oxşar şəkildə, Ukrayna-Rusiya arasında da yalnız beynəlxalq vasitəçilərin iştirakı ilə etibarlı bir atəşkəs razılaşması mümkündür. Bu mənada, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təşəbbüsləri, eləcə də ABŞ və Çin kimi güc mərkəzlərinin vasitəçi qismində çıxış etməsi potensial sülh prosesinə töhfə verə bilər. Hazırkı vəziyyətdə isə zaman Ukraynanın xeyrinə işləyir".

 


Politoloqun fikrincə, Rusiya üçün strateji əhəmiyyətli əraziləri ələ keçirmək getdikcə çətinləşir. O dedi ki, Kursk istiqamətində irəliləyiş müəyyən əhəmiyyət kəsb etsə də, ümumi müharibə mənzərəsində Moskvanın ciddi bir üstünlük qazandığı görünmür: "Ukrayna isə həm öz hərbi sənayesini inkişaf etdirir, həm də müttəfiqlərdən, xüsusilə Qərb ölkələrindən ardıcıl dəstək alır.


Bundan əlavə, Donald Trampın ritorikasını dəyişməsi və Ukraynaya silah satmağa razılıq verməsi də Kiyevin mövqeyini gücləndirir. Bu da Ukraynanın Rusiya ilə təslimçi şərtlərlə atəşkəsə getmək ehtimalını minimuma endirir".


Politoloq bildirib ki, Putinin də daxili auditoriyaya verdiyi vədlər var və o, münaqişədən qalib kimi çıxmaq istəyir: 


“Mümkündür ki, Rusiya Krımın özündə qalması müqabilində sülh danışıqlarına getməyə çalışsın. Lakin Zelenski rəhbərliyindəki Ukrayna hökuməti belə bir şərti qəbul etməyəcək”.


Bütün bu amilləri nəzərə alan F.Mehdiyev qeyd edib ki, yaxın zamanda uzunmüddətli və sabit bir atəşkəs razılaşmasının imzalanması ehtimalı çox aşağıdır: "Münaqişə hələlik hərbi və diplomatik baxımdan çıxılmaz vəziyyətdədir".


Bəsti Rəfizadə
Sfera.az


OXŞAR XƏBƏRLƏR