Bakı-Moskva reysi bu hava limanına yönləndirildi - PUA hücumuna görə

Bu gün səhər saatlarında Moskvanın hava limanlarında pilotsuz təyyarələrin hücumu səbəbindən təhlükəsizlik tədbirləri görülüb və paytaxta uçan bir neçə təyyarə, o cümlədən Bakı-Moskva reysi Saratovdakı Qaqarin Beynəlxalq Hava Limanına endirilib.
Rusiya mediasının məlumatına görə PUA-ların hücumu zamanı Moskva üzərində hava hücumundan müdafiə sistemləri işə salınıb. Domodedovo, Vnukovo və Şeremetyevo hava limanlarında uçuşlar məhdudlaşdırılıb. Qaqarin Hava Limanının sözçüsü bildirib ki, yönləndirilən reyslər arasında Tbilisi, Qazipaşa, Bakı, Düşənbə, Daşkənd, Soçi, Stavropol və Mineralnıye Vodı şəhərlərindən gələnlər də var. Təyyarələr yerə endikdən sonra sərnişinlərlə aviaşirkət nümayəndələri əlaqə saxlayıb, onların Moskvaya uçuşu hava məkanındakı məhdudiyyətlər aradan qalxdıqdan sonra bərpa olunacaq.
Qeyd edək ki, Rusiya Federal Hava Nəqliyyatı Agentliyi bu cür hallarda təyyarələrin alternativ hava limanlarına yönləndiriləcəyini əvvəlcədən xəbərdar etmişdi. Hazırda hücumla bağlı araşdırma aparılır.