ABŞ Konqresi Gürcüstanla bağlı “Dost” qanun layihəsini qəbul etdi

ABŞ Konqresinin Nümayəndələr Palatası bazar ertəsi keçirilən səsvermədə Gürcüstanla bağlı yeni qanun layihəsini dəstəkləyib.
Sfera.az “İnterfaks”a istinadən xəbər verir ki, tam adı “Gürcüstanda Hesabatlılıq, Müstəqillik və Müstəqillik üçün Bacarıqların Gücləndirilməsi və Səfərbər Edilməsi Aktı” olan və qısaca MEGOBARI.ACT adlandırılan layihə Gürcüstanda insan haqları və demokratik institutları dəstəkləməyi, eyni zamanda korrupsiyada ittiham olunan yüksək rütbəli şəxslərə qarşı tədbirləri nəzərdə tutur. Gürcü dilində “megobari” sözünün “dost” mənasını verdiyi qeyd olunur.
Qanun layihəsində ABŞ prezidenti Gürcüstanın Avroatlantik inteqrasiya yolundan yayınmasına səbəb olan və korrupsiya fəaliyyəti ilə məşğul olan “Gürcü arzusu” partiyasının rəsmilərinə və onların tərəfdarlarına qarşı sanksiyalar tətbiq etməyə çağırılır. Eyni zamanda, ABŞ-nin Gürcüstana ayırdığı yardım proqramlarına və ikitərəfli münasibətlərə yenidən baxılması tövsiyə edilir.
Layihədə vurğulanır: “Biz gürcü xalqını və Gürcüstan Konstitusiyasını “Gürcü arzusu” hökumətinin səlahiyyətlərindən sui-istifadə etməsindən qoruyan vətəndaş cəmiyyətini dəstəkləyəcəyik”.
Sənəd indi ABŞ Senatında müzakirəyə təqdim ediləcək. Qəbul olunduğu təqdirdə, imzalanmaq üçün prezident Donald Trampa göndəriləcək. Gürcüstan hökumətində isə bu qanun layihəsi narazılıqla qarşılanıb. Parlamentin hüquq məsələləri üzrə komitəsinin sədri Arçil Qorduladze bu təşəbbüsü kəskin şəkildə tənqid edərək bildirib:
“Bu, Gürcüstana qarşı düşmənçilik aktıdır, məqsədi inqilabi yollarla xalqın seçdiyi hakimiyyəti devirməyə çalışan müxalifət qüvvələrinə dəstək olmaqdır”.
Qanun layihəsi Gürcüstanda həm siyasi dairələrdə, həm də ictimaiyyət arasında geniş rezonansa səbəb olub.
Fidan Hacızadə
Sfera.az