Tramp Rusiya və Ukraynadan imtina etdi - Yeni hədəf VAR?

ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Temmi Bryus Rusiya-Ukrayna məsələsində vasitəçi olmayacaqlarını bildirib. O qeyd edib ki, dünyanın başqa yerləri onların marağını çəkir.
Maraqlıdır, Bryus başqa yerlər deyəndə haranı nəzərdə tuta bilər? Trampın yeni hədəfi nədir?
Mövcud suallarla bağlı Sfera.az-a açıqlama verən konfliktoloq Elman Vəliyev Bryusun fikirlərinin çox məntiqli olduğunu bildirib. Politoloqun sözlərinə görə, Rusiya–Ukrayna münaqişəsi Amerika üçün əslində o qədər də maraqlı deyil:
"ABŞ-nin bu münaqişədən əsas məqsədi təbii resurslara çıxış əldə etmək idi. Bu baxımdan, ABŞ Ukrayna ilə bir çox məsələdə artıq uzlaşıb”.
E.Vəliyev Donald Trampın əsas maraq dairəsinin isə Orta Şərq olduğunu qeyd edib.
O vurğulayıb ki, bu xüsusilə İsrailin genişlənməsi üçün əlverişli şərait yaratmaq baxımından maraqlıdır:
“Digər vacib məsələ isə Çin və Aİ-ni zəiflətmək və beynəlxalq yarışdan kənarlaşdırmaqdır. Əgər məntiqlə yanaşsaq, ABŞ üçün ilk və ən ciddi hədəf Çin olmalıdır, ardınca isə Orta Şərq və Avropa Birliyi gəlməlidir. Hazırda ABŞ üçün əsas potensial təhlükə məhz Çindir. Amerikanın Çinə qarşı istifadə edə biləcəyi iki əsas “kartı” var. İqtisadi təzyiqlər və münaqişə potensialı kartlardan biridir".
Ekspert sonda vurğulayıb ki, Orta Şərq məsələsinə gəldikdə isə, ABŞ Husilərə qarşı tədbir görməli və regiondakı dənizlərdə, xüsusilə boğazlarda öz maraqlarını təmin edəcək bir “təhlükəsizlik dəhlizi” yaratmalıdır.
Fidan Hacızadə
Sfera.az