ABŞ-də güclü fırtına insan itkilərinə səbəb olub - FOTO

ABŞ-nin Pensilvaniya və Oklahoma ştatlarında baş verən güclü fırtına və leysan yağışları nəticəsində azı 6 nəfər həyatını itirib.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, Oklahomanın cənubu və Texasın şimalında olan fırtına bir sıra bölgələrdə selə səbəb olub.
Oklahomada iki nəfər avtomobillərinin sel sularına düşməsi nəticəsində həyatını itirib. Rəsmilərin verdiyi məlumata görə, Lexinqton şəhərində suların qalxması səbəbilə bəzi sakinlər evlərindən təxliyə edilib, bir çox sürücü isə xilas olunub.
Ştatda fırtına hava nəqliyyatına da ciddi təsir göstərib. ABŞ Federal Aviasiya Administrasiyasının (FAA) açıqlamasına əsasən, "Dallas Love Field" və "Dallas-Fort Worth" Beynəlxalq Hava Limanlarında əməliyyatlar dayandırılıb, yüzlərlə reys ləğv edilib.
Digər faciə isə Pensilvaniyada yaşanıb. Güclü külək səbəbindən elektrik dirəkləri və ağaclar aşıb, nəticədə dörd nəfər həyatını itirib. Ştatda 400 mindən çox ev və iş yeri elektrik enerjisiz qalıb.
Milli Hava Xidməti bölgədə göy gurultulu fırtınaların sabaha qədər davam edəcəyini proqnozlaşdırır və əhalini diqqətli olmağa çağırır.
Bəsti Rəfizadə
Sfera.az