ABŞ xəbərdarlıq etdi - Nüvə müharibəsi başlayır?

ABŞ xəbərdarlıq etdi - Nüvə müharibəsi başlayır?

ABŞ-nin vitse-prezidenti Cey Di Vens Ukraynada hərbi əməliyyatların davam etməsinin nüvə eskalasiyası riskini artırdığını bildirib. 

 

Sfera.az xəbər ki, Vensin sözlərinə görə, Ukraynanın Rusiya üzərində hərbi qələbə qazanmaq ehtimalı real görünmür və münaqişənin uzanması milyonlarla insanın ölümünə, cəmiyyətlərin çökməsinə və nüvə müharibəsi riskinin artmasına səbəb ola bilər. O, həmçinin Ukraynanın işğal olunmuş əraziləri hərbi yolla geri qaytara bilməyəcəyini və müharibənin davam etməsinin hər iki tərəf üçün fəlakətli nəticələr doğuracağını vurğulayıb .

 

Nüvə eskalasiyası riski realdırmı, yoxsa siyasi mesaj xarakteri daşıyır? Nüvə silahı təhlükəsi regional, yoxsa qlobal risk yaradır? 

 

Sözügüdən məsələ ilə bağlı Sfera.az-a açıqlama verən politoliq Elçin Xalidbəyli Ukrayna müharibəsinin daha intensiv xarakter daşıdığı dövrlərdə digər dövlətlərin prosesə müdaxiləsinin nüvə qarşıdurması ilə bağlı real təhlükələr yarada biləcəyini bildirib. 

 

Analitik hazırkı şəraitdə bu ehtimaldan danışmağın düzgün olmadığını deyib. 

 

Onun sözlərinə görə, savaş əvvəlki şiddətini tədricən itirməkdədir:

 

“Eyni zamanda Ukraynaya göstərilən xarici hərbi dəstək də zəifləyib, demək olar ki, müdaxilələr minimum həddə enib. Belə bir şəraitdə nüvə təhlükəsindən bəhs etmək gerçəkliyi əks etdirmir.

 

Nüvə silahının istifadəsi ilə bağlı narahatlıq yalnız o halda əsaslı olardı ki, Rusiya beynəlxalq koalisiyanın dəstəyini alan Ukrayna tərəfindən ciddi şəkildə məğlub edilərək dövlət olaraq mövcudluğunu itirmək riski ilə üz-üzə qalaydı. Belə bir vəziyyətdə Kreml çıxış yolu kimi nüvə arsenalına əl ata bilərdi. Rusiya siyasi elitası da bu ehtimalı əvvəllər açıq şəkildə bəyan etmişdi. Lakin son dəyişikliklər vəziyyəti elə istiqamətləndirib ki, Moskvanın nüvə ritorikası tədricən arxa plana keçib”.

 

Politoloq qeyd edib ki, hazırda nüvə müharibəsi riskini aktuallaşdıracaq ciddi əsaslar mövcud deyil:

 

“Rusiya həm diplomatik müstəvidə, həm də döyüş meydanında nisbi üstünlük əldə etməkdədir. Moskva Ukrayna ərazilərini öz sərhədlərinə birləşdirmək niyyətindədir və ABŞ başda olmaqla bəzi Qərb dövlətləri buna açıq şəkildə qarşı çıxmırlar, əksinə, dolayısıyla dəstək verirlər. Bu reallıq fonunda Kremlin hər hansı ölkə ilə nüvə qarşıdurmasına girməsi inandırıcı görünmür”.

 

E.Xalidbəyli belə bir nüvə savaşının baş verməsinin qlobal miqyasda bir fəlakətə çevriləcəyini vurğulayıb.

 

Müsahibimiz bildirib ki, ABŞ vitse-prezidentinin səsləndirdiyi iddialar isə həm dünya ictimaiyyətini, həm də Ukraynanı qorxu altında saxlamaq və Rusiyanı qalib tərəf kimi göstərən sülh sazişinin qəbuluna zəmin yaratmaq məqsədi daşıyır:

 

"Halbuki hər kəs yaxşı bilir ki, bu çıxışlar siyasi manipulyasiyadan başqa bir şey deyil. ABŞ, əslində, Ukraynanı faktiki olaraq Rusiyanın nəzarətinə verməyə çalışır və bu prosesin Moskva üçün faydalı olacağı artıq şübhə doğurmur”.

 

Fidan Hacızadə

Sfera.az


OXŞAR XƏBƏRLƏR