“ABŞ-nin xəyanətini heç vaxt unutmayacağıq” - Yeni baş nazir

Kanadada keçirilən federal seçkilərdə Liberal Partiya hakimiyyətdə qalaraq Mark Karnini ölkənin yeni baş naziri seçib.
Sfera.az xəbər verir ki, seçkidən sonra çıxış edən yeni Baş nazir Mark Karni ABŞ ilə münasibətlərin yeni mərhələyə keçdiyini bildirib.
O, ABŞ-ni xəyanətdə ittiham edib:
“Amerika Birləşmiş Ştatları ilə keçmiş münasibətlərimiz, inteqrasiyaya əsaslanan əməkdaşlıq sona çatıb. İkinci Dünya Müharibəsindən bəri Kanadanın rifahına xidmət edən açıq qlobal ticarət sistemi artıq mövcud deyil. ABŞ-nin xəyanətini heç vaxt unutmayacağıq”.
Karni qarşıdakı dövrün çətin keçəcəyini və Kanadanın iqtisadi müstəqilliyini təmin etmək üçün böyük fədakarlıqlara ehtiyac duyulacağını qeyd edib. O, ABŞ-nin Kanadaya tətbiq etdiyi gömrük tariflərinə qarşı sərt mövqe nümayiş etdirəcəyini və ABŞ-dən iqtisadi asılılığını azaltmaq məqsədilə ölkəsinə milyardlarla dollar sərmayə yatırılacağını bildirib.
Xatırladaq ki, seçki ərəfəsində ABŞ Prezidenti Donald Tramp Kanadaya qarşı 25% əlavə vergi tətbiq edəcəyini və Kanadanı ABŞ-nin 51-ci ştatına çevirmək istəyini dilə gətirmişdi.
Karni bu fikirlərə cavab olaraq bildirib:
“Amerika torpaqlarımıza, resurslarımıza və su ehtiyatlarımıza sahib çıxmaq istəyir. Bu, boş təhdid deyil. Tramp bizi parçalamaq və ABŞ-yə qatmaq istəyir. Bu, əsla baş verməyəcək”.
Bəsti Rəfizadə
Sfera.az