Məşhur rok qrupu türkləri təhqir etdi

Məşhur rok qrupu “System of a Down” (SOAD) son konsertlərindən birində türklərə qarşı təhqiramiz ifadələr işlədib.
Sfera.az xəbər verir ki, səhnədə çıxış edən qrup üzvləri ifa zamanı siyasi mövzulara toxunaraq, açıq şəkildə türklərə qarşı hörmətsizlik ifadə edən fikirlər səsləndiriblər.
“Erməni soyqırımının 110-cu il dönümünün anım mərasimidir. Ölənləri anmaq, sağ qalanlara isə ehtiramımızı göstərmək istəyirik. Bu gün Boqota, Kolumbiyada sizinlə olmaqdan şərəf duyuruq. Biz erməni gürzələrin zəhərləriyik və biz hücum edəcəyik”,- ifadələrinin ardından təhqiramiz ifadələr işlədiblər.
İzləyicilər tərəfindən sosial mediada yayımlanan videolarda qrup üzvlərinin türkləri hədəf alan ifadələr işlətməsi geniş rezonans doğurub. Hadisə qısa zamanda sosial şəbəkələrdə yayılaraq ciddi müzakirələrə səbəb olub. Bir çox istifadəçi SOAD qrupunu "sənətlə siyasəti qarışdırmaqda" və "bir xalqı ümumi şəkildə təhqir etməkdə" ittiham edib.
Qeyd edək ki, SOAD qrupunun üzvləri uzun illərdir ki, erməni soyqırımı iddialarını dəstəkləmələri və bu mövzuda siyasi açıqlamalar vermələri ilə tanınır. Bu səbəbdən qrupun çıxışı zamanı türklərə qarşı sərgilədiyi davranış həm musiqi, həm də diplomatik sahədə tənqid hədəfinə çevrilib.
Hazırda məsələ ilə bağlı Türkiyə ictimaiyyətindən və müxtəlif rəsmi dairələrdən etiraz səsləri gəlməkdədir. Bir çoxları konsertdəki bu davranışı "sənət etikası" və "insan hüquqları" prinsiplərinə zidd hesab edirlər.
Qeyd edək ki, sənət aləmində fərdi və ya etnik qruplara qarşı nifrət çağırışları beynəlxalq hüquq normaları tərəfindən qadağan olunur və bu cür hallar adətən ciddi sosial reaksiyaya səbəb olur.
Firuzə Əliyeva