ABŞ Suriyaya qarşı sanksiyaları ləğv etmir – "İsrailə ciddi təhdid var"

ABŞ rəsmiləri Suriyanın beynəlxalq birliklə münasibətlərinin normallaşması üçün bəzi şərtlər irəli sürüb. Suriyada uzun illər davam edən vətəndaş müharibəsi və avtoritar rejim səbəbilə tətbiq edilən sanksiyalar bu gün də qüvvədə qalır. Halbuki hazırda ölkədə nisbətən sabit və idarəolunan bir siyasi mühit formalaşıb. Bu isə bəzi sualları gündəmə gətirir: Əgər əvvəlki sanksiyalar rejimə qarşı idisə və indi vəziyyət nisbətən dəyişibsə, ABŞ bu sanksiyaları niyə ləğv etmir?
Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Sultan Zahidov bölgədəki geosiyasi və təhlükəsizlik maraqlarının bu prosesin ləngiməsinə səbəb olduğunu bildirir. O qeyd edir ki, ABŞ sanksiyaların ləğvi üçün müəyyən strateji maraqlarının təmin olunmasını gözləyir:
“Görünən odur ki, ABŞ-nin Suriyadan müəyyən istəkləri var və o istəklərin reallaşmasını gözləyir. Yalnız bundan sonra sanksiyaların götürülməsini həyata keçirilə bilər.
İkincisi, burada İsrailin narahatçılığı var. İsrail hələ də Suriyadakı rejimin İsrailə təhdid olub-olmayacağından əmin deyil. İsraildəki Milli Təhlükəsizlik Tədqiqatları Mərkəzi tərəfindən hazırlanmış milli təhlükəsizlik konsepsiyasında göstərilir ki, Suriya ciddi təhdid ola bilər”.
Politoloq həmçinin vurğulayıb ki, ABŞ bölgədə İsrailin təhlükəsizliyini əsas prioritetlərdən biri kimi görür:
"Suriyadakı mövcud rejimin gələcək davranışı və İranla olan əlaqələri İsraildə ciddi narahatlıq doğurur. Bu isə Vaşinqtonun ehtiyatlı davranmasına və prosesi ləngitməsinə səbəb olur".
Ekspert bildirib ki, ABŞ bölgədəki kürd qruplaşmaları, xüsusən də YPQ-nin təhlükəsizliyinə xüsusi diqqət yetirir:
“ABŞ düşünürəm ki, bu iki səbəbdən hal-hazırda prosesi uzadır və görmək istəyir ki, sonda Türkiyədən və Suriyadan hansı güzəştləri görəcək. İlk növbədə ABŞ oradakı YPQ qruplaşmalarının təhlükəsizliyinin təmin olunmasını istəyir, onlara qarşı hücum olmasını istəmir. Digər tərəfdən, orada, Suriyada onun başqa geosiyasi maraqları da var. Məhz bu amillər ABŞ-ni prosesi uzatmağa vadar edir”.
S.Zahidovun fikrincə, ABŞ sadəcə Suriya ilə ikitərəfli münasibətlərə deyil, həm də regionda baş verəcək bütün mümkün dəyişikliklərə strateji prizmasından yanaşır. Ona görə də Vaşinqton sanksiyaların ləğvi məsələsində tələsmir və prosesin gələcək inkişafını diqqətlə izləyir.
Bəsti Rəfizadə