Ukrayna Berlin kimi bölünəcək? – Trampın elçisindən qəribə açıqlama

“Ukraynada İkinci Dünya müharibəsindən sonra Berlində olduğu kimi bir Rusiya bölgəsi, bir Fransız bölgəsi və bir İngilis bölgəsi formalaşdırmaq olar”
Sfera.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Trampın Kiyevə göndərdiyi elçi Kit Kelloq jurnalistlərə müsahibəsində deyib.
General Kit Kelloq, Ukraynanın qərbində İngiltərə və Fransa hərbi qüvvələrinin, şərqində isə Rusiya qüvvələrinin yerləşdirilə biləcəyini bildirib. Onun sözlərinə görə, bu bölgələr arasında Ukrayna qüvvələrinin nəzarətində olan və hərbsizləşdirilmiş zona yaradılması mümkündür. Lakin ABŞ-nin bölgəyə quru qoşunu göndərmək niyyəti yoxdur.
Bununla belə, Kelloq sonradan sosial media hesabında verdiyi açıqlamada “The Times” qəzetinin onun sözlərini təhrif etdiyini iddia edib. O, “Atəşkəsdən sonra Ukraynanın suverenliyini dəstəkləyəcək və davamlılığı təmin edəcək qüvvələrdən danışmışdım. Bölünmədən yox, müttəfiq qüvvələrin məsuliyyət zonalarını nəzərdə tuturdum”, – deyə qeyd edib.
Kelloqun açıqlamaları, Ukrayna böhranı ilə bağlı beynəlxalq diplomatiyada yeni müzakirələrə yol açıb.
Bəsti Rəfizadə