“Problem varsa, mən həll edə bilərəm” - Tramp Netanyahunun yanında Ərdoğanı təriflədi

İsrailin Baş naziri Benyamin Netanyahunun ABŞ Prezidenti Donald Trampla Ağ Evdə keçirdiyi görüş zamanı Türkiyə ilə bağlı səsləndirilən fikirlər gündəmə çevrilib. Görüşdə Tramp Netanyahunun yanında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı tərifləyib.
Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, görüşdən sonra keçirilən mətbuat konfransında Netanyahu Türkiyə ilə münasibətləri şərh edərək, “Türkiyə ilə yaxşı qonşuluq münasibətlərimiz var. ABŞ ilə də münasibətləri yaxşıdır. Suriya məsələsində toqquşmadan (Türkiyə ilə - red.) qaçmaq istəyirik”, - deyə bildirib.
Tramp isə çıxışında Türkiyə Prezidenti Ərdoğana olan münasibətini xüsusi vurğulayıb:
“Ərdoğanı sevirəm, o da məni sevir. Netanyahuya dedim ki, əgər Türkiyə ilə problemin varsa, mən həll edə bilərəm. Türkiyə və liderləri ilə çox yaxşı münasibətim var. Ərdoğana da dedim ki, "Təbriklər, Suriyanı aldınız". O isə "yox, mən deyiləm" dedi. Mən də cavab verdim ki, "sən idin, amma problem deyil". Sonra da "bəlkə də mənəm" dedi. Güclü və ağıllı adamdır. Kiminsə bacarmadığı bir şeyi bacardı, haqqını vermək lazımdır”.
Bəsti Rəfizadə