İngiltərə Kralı III Çarlz xəstəxanaya yerləşdirildi

İngiltərə Kralı III Çarlz, xərçəng müalicəsinin müvəqqəti yan təsirləri səbəbindən xəstəxanaya yerləşdirilib. Qısa müddət müşahidə altında saxlanıldıqdan sonra Clarence House sarayına geri dönən Kralın sabahkı proqramı ləğv edilib.
Sfera.az “Hürriyet”ə istinadən xəbər verir ki, Buckingham Sarayından verilən açıqlamada bildirilib ki, Kral Çarlz bu səhər planlaşdırılan müalicəsinin ardından xəstəxanada qısa müddət nəzarət altında saxlanılmasını tələb edən müvəqqəti yan təsirlər yaşayıb. Bu səbəbdən onun günorta proqramları təxirə salınıb.
Kral Çarlz xəstəxanadan çıxaraq Clarence House sarayına qayıdıb. Həkimlərin tövsiyəsinə əsasən onun sabahkı proqramı yenidən planlaşdırılacaq.
Qeyd edək ki, Yanvar ayında Kralın prostat böyüməsi səbəbindən müalicə alacağı açıqlanmış, 26 yanvarda xəstəxanaya yerləşdirilmiş və 29 yanvarda evə buraxılmışdı.
5 fevral tarixində Buckingham Sarayından verilən açıqlamada, müalicə zamanı narahatlıq doğuran vəziyyətin aşkarlandığı və aparılan testlər nəticəsində Kral III Çarlza xərçəng diaqnozu qoyulduğu bildirilmişdi.
Saraydan verilən açıqlamada Kralın prostat xərçəngi olmadığı təsdiqlənsə də, xəstəliyin növü və mərhələsi barədə ətraflı məlumat paylaşılmamışdı.
Bəsti Rəfizadə