Çində insana donuz böyrəyi köçürüldü – Alimlərdən yeni uğur

Çində insana donuz böyrəyi köçürüldü – Alimlərdən yeni uğur

Çinli alimlər daha bir uğurlu ksenotransplantasiya əməliyyatı həyata keçirərək insana donuz böyrəyi köçürdüklərini açıqlayıblar. Mütəxəssislər, həmçinin donuz qaraciyərlərinin insan orqanizmi üçün faydalı ola biləcəyini və bu sahədə yeni irəliləyişlər əldə etdiklərini bildiriblər.
 

Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, Xi’an şəhərində yerləşən Dördüncü Hərbi Tibb Universitetinin Xijing Xəstəxanasında aparılan əməliyyat çərçivəsində 69 yaşlı bir qadına donuz böyrəyi köçürülüb. Həkimlər əməliyyatdan üç həftə sonra xəstənin vəziyyətinin yaxşı olduğunu və donuz böyrəyinin normal işlədiyini bildiriblər. Xəstə səkkiz ildir böyrək çatışmazlığından əziyyət çəkirdi.
 

Bundan əlavə, tədqiqatçılar beyin ölümü gerçəkləşmiş bir insana donuz qaraciyəri köçürdüklərini və orqanın 10 gün ərzində fəaliyyət göstərdiyini açıqlayıblar. Çinli alimlərin sözlərinə görə, donuz qaraciyəri insan orqanizmi üçün vacib olan öd və albumin istehsal edə bilir. Bu isə gələcəkdə sıradan çıxmış insan qaraciyərini dəstəkləmək üçün mühüm addım hesab edilib.


ABŞ-da da oxşar tədqiqatlar aparılıb. Ötən il Pensilvaniya Universitetində alimlər, sıradan çıxmış böyrəklərin fəaliyyətini dəstəkləmək üçün dializə bənzər bir üsuldan istifadə edərək insan bədəninə donuz qaraciyəri bağlayıblar.


Çinli alimlər gələcəkdə beyin ölümü gerçəkləşmiş insanların orqanlarını tamamilə donuz qaraciyəri ilə əvəzləmək üzərində işlədiklərini bildiriblər. Bunun insan orqan transplantasiyası sahəsində yeni bir mərhələ aça biləcəyi qeyd edilib.


Bəsti Rəfizadə


OXŞAR XƏBƏRLƏR