Koronavirusun yeni növü aşkar edildi

Braziliyada yeni koronavirus aşkarlanıb.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, braziliyalı tədqiqatçılar Honq Konq Universitetindən (HKU) olan həmkarları ilə birgə apardıqları araşdırma çərçivəsində 16 fərqli yarasa növündən götürülmüş 423 ağız və rektal nümunəni analiz ediblər.
Araşdırma nəticəsində Braziliyanın şimal-şərqində yerləşən Fortaleza şəhərindən gətirilmiş yarasalardan götürülən nümunələrdə yeni tip koronavirus aşkarlanıb.
Məlumata görə, yeni aşkar edilən virus, insanlarda və dəvələrdə rast gəlinən “MERS-CoV” virusuna bənzəyir. Bu virusun insanlar üçün risk dərəcəsi hələ müəyyən edilməyib.
Genetik müşahidələr göstərib ki, yeni virusun genomu “MERS-CoV” ilə təxminən 72% oxşarlıq təşkil edib. Alimlər vurğulayıblar ki, yarasalar yeni virusların mənbəyi ola bilər və bu səbəbdən koronavirusların ictimai sağlamlığa təsirini müəyyən etmək üçün bu heyvanlar daim müşahidə altında saxlanmalıdır.
Yeni virusun insanlar üçün yaratdığı mümkün risklərin dəqiqləşdirilməsi məqsədilə Honq Konqdakı yüksək təhlükəsizlik səviyyəli laboratoriyalarda əlavə təcrübələrin aparılması planlaşdırılıb.
Fidan Hacızadə