Rusiya Ukraynada müvəqqəti atəşkən istəmir - Putinin köməkçisi

Ukraynada təklif olunan müvəqqəti atəşkəs bu ölkənin hərbçiləri üçün müvəqqəti fasilədən başqa bir şey deyil.
Sfera.az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.
Onun sözlərinə görə, Ukraynada sülh fəaliyyətini imitasiya edən addımların heç kimə faydası yoxdur:
"Rusiya Ukraynada müvəqqəti atəşkən istəmir. Moskva bu münaqişənin uzunmüddətli nizamlanmasında maraqlıdır".
Uşakov qeyd edib ki, Rusiya Ukraynada Moskvanın maraqlarını və narahatlıqlarını nəzərə alan uzunmüddətli sülh yolu ilə nizamlanmaya çalışır.
O, Vladimir Putinin cümə axşamı müvəqqəti atəşkəs təklifi ilə bağlı daha konkret və mənalı qiymətlər verəcəyini istisna etməyib.
Rusiya prezidentinin köməkçisi ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Maykl Uoltsla müntəzəm telefon əlaqəsi saxladığını da söyləyib.
O əlavə edib ki, Uoltsla söhbətində Ukraynada müvəqqəti atəşkəs təklifini şərh edib və Rusiyanın mövqeyini açıqlayıb.
Uşakov onu da qeyd edib ki, Rusiya və ABŞ hesab edir ki, Ukraynanın NATO-ya qəbulu nizamlanma kontekstində müzakirə oluna bilməz.
Putinin köməkçisi Rusiyanın ABŞ-nin onun Ukraynada nizamlanma tələblərini nəzərə alacağına ümid etdiyini vurğulayıb.
Uşakov ABŞ-nin Ukrayna ilə bağlı Rusiya ilə danışıqlarda vasitəçi müəyyən etdiyini də söyləyib. Onun sözlərinə görə, həmin vasitəçi Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff deyil.