İsrail ordusunda "bağlama" sistemi ləğv olundu

İsrail ordusunda onilliklərdir tətbiq olunan “bağlama” adlanan məzuniyyət sistemi ləğv edilib.
Sfera.az “CNN Türk” nəşrinə istinadən xəbər verir ki, yeni Baş Qərargah rəisi general Eyal Zamir bu qərarı açıqlayaraq, yəhudi dini bayramlarında orduda kütləvi məzuniyyətlərin artıq olmayacağını bildirib.
Zamir qeyd edib ki, hərbçilərin məzuniyyət hüquqları saxlanılacaq, lakin bu bütün bölmələrə eyni vaxtda şamil olunmayacaq. Onun sözlərinə görə, bu dəyişiklik ordunun hazırlıq səviyyəsini daim yüksək saxlamaq məqsədi daşıyır.
O, həmçinin 2025-ci ilin İsrail üçün “müharibə ili” olacağını bəyan edib.
Qeyd edək ki, “bağlama” sistemi yəhudi bayramlarında əsgərlərə eyni vaxtda məzuniyyət verilməsi ilə bağlı idi. Lakin 2023-cü il 7 oktyabr tarixində HƏMAS-ın hücumu zamanı ordunun çox hissəsinin məzuniyyətdə olması ciddi tənqidlərə səbəb olmuşdu. Hücum zamanı Qəzza sərhədində yalnız əsgərlərin yarısı xidmət aparırdı.
Fidan Hacızadə