Qadağa götürüldü: Qalmaqallı serial geri qayıdır

“Now TV”nin qalmaqallı serialı - “Şakir Paşa Ailesi: Mucize ve Skandallar”ın yayım qadağası götürülüb.
Sfera.azTürkiyə mətbuatına istinadən xəbər verir ki, serialın yayımçısı “Medyapım”la "Halikarnas Balıqçısı" kimi tanınan mərhum yazıçı Cevat Şakir Kabaağaçlının nəvələri arasında keçirilən təmaslar nəticəsində tərəflər razılığa gəlib. Ailə üzvləri şikayət iddiasını geri götürüblər.
Xatırladaq ki, “Now TV” daha öncə adıçəkilən seriala görə dəfələrlə Türkiyə Milli Radio və Televiziya Şurası tərəfindən cəzalandırılıb. Sonuncu dəfə ekran işinin yayımının 3 həftəlik dayandırılacağı açıqlanıb. Məhkəmə isə serialın yayımının tamamilə dayandırılması və yeni çəkilişlərin qarşısının alınması barədə qərar çıxarıb. Bundan sonra ekran işinin bütün bölümləri "Youtube" platformasından silinib.
Bütün bunlara səbəb ailənin serialın ssenarisinin həqiqətə zidd olduğunu və reputasiyaya hücum edildiyini əsas gətirərək məhkəməyə müraciət etmələri səbəb olmuşdu.
Yaxın günlərdə serialın yeni bölümlərinin yayımlanacağı gözlənilir.