Ukraynaya məxsus 128 PUA məhv edildi

Rusiya Müdafiə Nazirliyi, Ukraynaya məxsus 128 pilotsuz uçuş aparatının (PUA) Rusiyanın hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edildiyini açıqlayıb. Bu, ilin əvvəlindən bəri Ukraynanın həyata keçirdiyi ən intensiv İHA hücumu hesab olunur.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, Ukraynanın gecə saatlarında həyata keçirdiyi PUA hücumu Rusiya ərazisinə yönəlib. Rusiyanın hava hücumundan müdafiə sistemləri 128 PUA-nın hamısının qarşısını almağı bacarıb. Bunlardan 83-ü Krasnodar, 1-i Bryansk, 1-i Kursk bölgələrində, 30-u ilhaq edilmiş Krımda, 8-i Azov dənizində və 5-i Qara dəniz üzərində zərərsizləşdirilib.
Krasnodar vilayətinin qubernatoru Veniamin Kondratyev Telegram kanalında verdiyi açıqlamada Ukraynanın mülki şəxslərə qarşı hücuma cəhd etdiyini bildirib. O, həmçinin hücum nəticəsində 3 binaya ziyan dəydiyini, amma canlı itki olmadığını deyib.
Ukraynanın yeni İHA hücumunun ilin əvvəlindən bəri ən güclü və geniş miqyaslı hücum olduğu vurğulanıb.
Xatırladaq ki, Rusiya Müdafiə Nazirliyi yanvarın 24-də 121 Ukrayna PUA-nın Moskva da daxil olmaqla Rusiyanın müxtəlif regionları üzərində məhv edildiyini açıqlamışdı.
Bəsti