Fransa həbsxanalarında sıxlıq rekord həddə çatdı - 4 mindən çox məhbus...
Fransadakı əlverişsiz şərtlər səbəbiylə həbsxanalarda doluluq nisbəti dekabr ayı etibarilə 129,5 faiz qeydə alınıb.
Sfera.az xəbər verir ki, bu barədə Fransanın RFI radiosu məlumat yayıb.
Məlumata görə, həbsxanalarda doluluq nisbəti hər ay artır və hazırda ölkə üzrə 62 min nəfərlik həbsxanalarda 81 minə yaxın məhbus var. Ədliyyə Nazirliyinin ötən ay verdiyi məlumata görə, cəzaçəkmə müəssisələrində doluluq 129,5 faiz təşkil edib.
Yaşayış şəraitinin kifayət qədər pis olduğu 15 həbsxanada doluluq 200 faizə yaxındır. Həddən artıq doluluq səbəbindən 4 mindən çox məhbus yerdə döşəklərdə yatmağa məcburdur.
Fransada yeni Fransua Bayru hökumətində ədliyyə naziri vəzifəsinə təyin olunan Gerald Darmanin vəzifəsinin ilk günlərində həbsxanalardakı problemi həll etmək üçün bəzi islahatlar planlaşdırdıqlarını bildirmişdi. O bu çərçivədə qısa müddətli həbs cəzası alan cinayətkarlar üçün yeni və yerli həbsxanalar inşa edəcəklərini açıqlayıb.
Firuzə Əliyeva