Malayziya müəmmalı şəkildə itmiş təyyarənin axtarışlarını bərpa edəcək
Malayziya hakimiyyəti Kuala-Lumpurdan Pekinə uçan Malayziya Hava Yollarına məxsus “MH370” reysi ilə itkin düşən təyyarənin axtarışlarını bərpa etdiklərini açıqlayıb. Qərar təyyarənin müəmmalı şəkildə yoxa çıxmasından on ildən çox vaxt keçdikdən sonra verilib. Bu da işdə gözlənilməz və perspektivli dönüşün olduğunu göstərir.
Sfera.az bildirir ki, axtarışlar Hind okeanının cənubunda 15 min kvadratmetrlik yeni əraziyə yönələcək. Nəticə müsbət olarsa, axtarış sistemlərinə 70 milyon dollar mükafat ödəniləcək. Bu barədə Malayziyanın nəqliyyat naziri Entoni Loke məlumat verib. Onun sözlərinə görə, “Ocean Infinity” kəşfiyyat şirkəti ilə aparılan danışıqlar sazişin bağlanmasına gətirib çıxarıb: şirkət yalnız əhəmiyyətli təyyarə qalıqları aşkar edilərsə, 70 milyon ABŞ dolları məbləğində mükafat alacaq.
MH370 reysi faciəsi
Qeyd edək ki, MH370 reysi 2014-cü il martın 8-də radarlardan itib. Təyyarədə 227 sərnişin və 12 ekipaj üzvü olmaqla 239 nəfər olub. O vaxtdan bəri, yadplanetlilərin qaçırılmasından tutmuş sığorta fırıldaqçılığına və Şimali Koreyanın iştirakına qədər bir çox fərziyələr yayılıb.
Lakin əksər ekspertlər hesab edir ki, təyyarə Hind okeanının cənubunda, kapitan Zaxari Əhməd Şah tərəfindən qəsdən oraya yönəldildikdən sonra qəzaya uğrayıb.
İlkin axtarışlar 2014-cü ildə Malayziya, Avstraliya və Çinin birgə səyi ilə başlayıb. 120.000 kvadrat kilometrlik su sahəsinin tədqiqi təxminən 180 milyon dollara başa gəlib və 2017-ci ilin yanvarında heç bir nəticə vermədən başa çatıb.
“Daily Star”ın məlumatına görə, “Ocean Infinity” son illərdə artıq öz xidmətlərini təklif edib, lakin yalnız indi Malayziya hakimiyyəti onun təklifini təsdiqləyib. Loke bildirib ki, qərar son məlumatlara və ekspert təhlilinə əsaslanır.
Yeni ümid
Bu il tədqiqatçıların səyləri yenidən ictimaiyyətin diqqətini cəlb edib. Kardiff Universitetindən Dr.Osama Qadri, Avstraliya sahillərində hidrofonlarla qeydə alınan siqnalların sirri həll etmək üçün açar ola biləcəyinə əmin olduğunu bildirib.
Təzyiq siqnallarının təhlili onların hətta 3000 kilometrdən çox məsafədə baş vermiş digər təyyarə qəzalarının məlumatları ilə oxşarlığını təsdiqləyib.
Britaniya aerokosmik mühəndisi və “The Search for MH370”in yaradıcısı Riçard Qodfrey də uğur qazanmaq üçün axtarış sahəsinin dəqiq müəyyən edilməsinin vacibliyini vurğulayıb.
Aysel