Gürcüstan parlamenti 150 deputatın səlahiyyətini tanıdı
Bu gün Gürcüstan parlamentinin XI çağırışının deputatları səlahiyyətlərini qəbul ediblər.
Sfera.az xəbər verir ki, müvəqqəti Mandat Komissiyası seçilən 150 deputatın sənədlərinin qaydasında olduğunu təsdiqləyib.
Komissiya yekun siyahını təqdim etdikdən sonra səlahiyyətlərin tanınması üçün səsvermə keçirilib. “Gürcü Arzusu” partiyasının 88 deputatı parlamentin 150 deputatının səlahiyyətlərini tanıyıb.
Səlahiyyətlərin tanınmasından sonra “Gürcü Arzusu” partiyasının deputatları vətənə sadiqlik andı içiblər. Daha sonra deputatlar and mətnini imzalayıblar.
Qeyd edək ki, bu gün Gürcüstan parlamentinin XI çağırışının ilk sessiyası keçirilir. İclasa yaşca ən böyük deputat, hakim “Gürcü Arzusu” partiyasının nümayəndəsi Lado Xaxadze rəhbərlik edir.
Sessiya zalında yalnız “Gürcü Arzusu” partiyasının seçilmiş deputatları iştirak edir, bunlar arasında partiyanın lideri Bidzina İvanişvili də var. Ümumilikdə, parlamentin 88 deputatı qeydiyyatdan keçib. İclasa yalnız dövlət orqanlarının rəhbərləri və ruhaniyyət dəvət edilib.