1 milyonluq terrorçu qadın tutuldu
Yunanıstanın Antiterror Xidməti ən çox axtarılan terrorçulardan biri - 48 yaşlı Panayota (Pola) Rupanı həbs edib.
AzVision.az "Ria Novosti-yə istinadən xəbər verir ki, Rupa tanınmış terrorçu Nikos Maziotisin həyat yoldaşıdır və "İnqilabi mübarizə” anarxist terror təşkilatının üzvüdür. O, bir sıra terror aktlarında, o cümlədən 2007-ci ildə ABŞ-ın Afinadakı səfirliyinin qumbaraatandan atəşə tutulmasında ittiham olunur.
Rupa Afinanın cənub məhəllələrindən birində səhər saat 6 radələrində evində həbs olunub, onunla birlikdə evdə azyaşlı uşaq da olub. Bundan başqa cinayətkarı gizlətməkdə şübhəli bilinən 25 yaşlı qadın saxlanılıb.
Rupa və onuu həyat yoldaşı haqqında məlumat verən şəxsə 1 milyon avro mükafat vəd edilmişdi. Rupanın həyat yoldaşı, tanınmış terrorçu Nikos Maziotis 2014-ci ildə Afinanın mərkəzində həbs edilib. Onun ələ keçrmək üçün həyata keçirilən əməliyyatda 4 polis əməkdaşı ağır yaralanmışdı. Lakin bu əməliyyat zamanı Panayota Rupanı həbs etmək mümkün olmamışdı.
Qeyd edək ki, "İnqilabi mübarizə” anarxist terror təşkilatı ABŞ Dövlət Departamentinin terror təşkilatları siyahısına daxil edilib.






