"Şimali Koreyanın Vonsan bölgəsindən Rusiyanın Vladivostok şəhərinə..." - Kirbi məlumat paylaşdı

"Şimali Koreyanın Vonsan bölgəsindən Rusiyanın Vladivostok şəhərinə..." - Kirbi məlumat paylaşdı

Şimali Koreya Rusiyaya döyüşmək üçün ən azı 3 min əsgər göndərib.

 

Sfera.az bildirir ki, bunu ABŞ Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib. O, Şimali Koreya əsgərlərinin Rusiyaya daşındığı marşrutla bağlı əllərində olan məlumatları paylaşıb.

 

“Bu əsgərlər gəmi ilə Şimali Koreyanın Vonsan bölgəsindən Rusiyanın Vladivostok şəhərinə gediblər. Sözügedən əsgərlər daha sonra Rusiyanın şərqindəki hərbi təlim mərkəzlərinə yola düşüblər və hazırda orada təlim keçirlər”, - Kirbi bildirib.

 

ABŞ rəsmisi qeyd edib ki, Şimali Koreyanın göndərdiyi əsgərlərin Rusiya ordusu ilə döyüşə girib-girməyəcəyi hələ bəlli deyil:

 

"Ancaq bu, şübhəsiz ki, çox narahatedici bir ehtimaldır. Bu əsgərlər təlimləri başa vurduqdan sonra Rusiyanın qərbinə gedə və Ukrayna ordusuna qarşı döyüşə bilərlər. Bu vəziyyətlə bağlı fikirlərimizi Ukrayna hökumətinə bildirdik. Eyni zamanda bu cür addımın nəticələri və buna necə cavab verə biləcəyimiz barədə digər müttəfiqlər, tərəfdaşlar və region ölkələri ilə yaxından məsləhətləşirik”.

 

Vəziyyəti yaxından izləməyə davam etdiklərinin vurğulayan Kirbi “Açıq danışaq, Şimali Koreya əsgərləri münaqişəyə girərsə, bu, Rusiyanın Ukraynaya qarşı müharibəsində artan çarəsizliyini göstərəcək. Rəsmi Moskva savaşda hər gün “fövqəladə itkilər” verir. Putin isə bu müharibəni davam etdirməkdə qərarlı görünür. Əgər Rusiya, həqiqətən də, hərbi qüvvə üçün Şimali Koreyaya üz tutmalı olsa, bu, Kreml üçün güc deyil, zəiflik əlaməti olardı”, deyə vurğulayıb.

 

Şimali Koreya-Rusiya əməkdaşlığının BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozduğunu xatırladan Kirbi Vaşinqtonun yaxın günlərdə əhəmiyyətli sanksiyalar paketini elan etməyi planlaşdırdığını qeyd edib. 

 

Xatırladaq ki, Cənubi Koreya Kəşfiyyat Xidməti (NIS) də dünən 3 min Şimali Koreya əsgərinin Rusiyaya göndərildiyini açıqlayıb.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR