4 milyon dollarlıq fırıldaq - İnsanları gəncliklərinə qaytaracaqlarına inandırıblar
Rajeev Kumar Dubey və həyat yoldaşı Raşmi Dubey bəşər tarixində ən inanılmaz fırıldaqlardan birinə imza atıblar. Cütlük fırıldaqlarının qurbanı olan insanlardan ümumilikdə 4 milyon dollar qazanıb.
Sfera.az bildirir ki, Hindistanda Rajeev Kumar Dubey və həyat yoldaşı Raşmi Dubey "İsrail zaman maşını"ndan istifadə edərək insanları gəncləşdirəcəyini vəd edib.
Cütlük Uttar Pradeş ştatının Kanpur şəhərində bir terapiya mərkəzi açıb. Burada insanları həddindən artıq hava çirkliliyinə görə sürətlə qocaldıqlarına inandıran cütlük "İsrail istehsalı zaman maşını" və oksigen terapiyasından istifadə edərək cavanlıqlarını geri qaytara biləcəklərini iddia ediblər. Cütlük gəncliyini qaytarmaq üçün yol axtaran bir çox qocaları aldatmaqda şübhəli bilinir. Bu hiylə ilə onlar 4,1 milyon dollar mənimsəyiblər.
Polis cütlüyün müştərilərə klinikalarına gətirdikləri hər yeni müştəri üçün pulsuz oksigen terapiyası seansları vəd edərək, fırıldaqçılığı piramida sxeminə çevirdiklərini bildirib.
Qurbanlardan biri Renu Sinq polisə şikayət edərək ondan 21 min dollar alındığını iddia edib. O, yüzlərlə insanın ümumilikdə 4,1 milyon dollar itirdiyini bildirib.
Hazırda polisdə Dubeylərin iyirmidən çox insanı aldatdığına dair sübutlar var, istintaq hələ də davam edir.
Rajeev və Raşmiin müştərilərini qocalmanın təsirlərini aradan qaldıra biləcəklərinə necə inandırdıqları bilinmir, lakin artıq ortaya çıxan qurbanlar xaricdən gətirilən möcüzəvi zaman maşını sayəsində onlara bir neçə ay ərzində görünən nəticələr vəd edildiyini deyib. Cütlük qocalmanı 20 ilə geri qaytara və hətta zədələnmiş daxili orqanları bərpa edə biləcəklərinə inandırıblar.
Hindistan polisi Dubeylərə qarşı dələduzluq faktı qeydə alıb, cütlük axtarışdadır.
Aynil
Sfera.az